İQTİSADİYYAT
Bakıda Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyasının 29-cu iclası keçirilib
Bakı, 26 avqust (AZƏRTAC). Avqustun 26-da Bakıda Regional Rabitə Birliyinin (RRB) Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyasının 29-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini və RRB-nin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə Komissiyanın sədri Rəşid İsmayılov gündəlikdə duran məsələlər barədə məlumat verib.
R.İsmayılov iclasda RRB-nin beynəlxalq əməkdaşlıqla bağlı qərarları, bu il keçiriləcək Beynəlxalq Rabitə İttifaqının (BRİ) səlahiyyətli konfransının, həmçinin rabitənin inkişafı üzrə 2018-ci ildə keçirilməsi nəzərdə tutulan dünya konfransının təşkili ilə bağlı hazırlıq işlərinin müzakirə olunacağını diqqətə çatdırıb. O, həmçinin RRB ilə regional təşkilatlar arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) və rabitə sahəsində əməkdaşlıq proqramının layihəsinin nəzərdən keçiriləcəyini qeyd edib.
Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov regional tədbirin RRB ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Ölkəmizdə İKT sektorunun prioritet inkişaf sahəsi olduğunu deyən İ. Məmmədov məlumat verib ki, bu il Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətləri daha da genişlənib. Hazırda nazirliyin nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması istiqamətində işlər gedir və nanotexnologiyalar sahəsində araşdırmalar aparılır. Eyni zamanda, innovasiyaların təşviqi üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir və bir sıra digər mühüm layihələr həyata keçirilir.
İclasda mövzu ilə bağlı çıxışlar dinlənilib, müzakirələr aparılıb.