İQTİSADİYYAT
Bakıda bankların üzləşdiyi risklər və çağırışlar müzakirə olunub
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Bakıda "Gələcəyə baxış: Azərbaycan bank sektorunun üzləşdiyi risklər və çağırışlar" mövzusunda "Risklərin idarə edilməsi forumu–2016" keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) Müşahidə Şurasının sədri Rüfət Mahmud çıxışında dünya iqtisadiyyatında baş verən qlobal maliyyə böhranının Azərbaycan maliyyə bazarından da yan keçmədiyini diqqətə çatdırıb. Bildirib ki, son vaxtlar ARPA tərəfindən təşkil olunan tədbirlərdə ölkədə baş verən mühüm hadisələr müzakirə olunur. ARPA bu hadisələrdən kənarda qalmır. Bugünkü tədbir mütəxəssislərin risk maarifləndirmə və idarə edilməsində son tendensiyalar haqqında öyrənmək üçün əlavə vasitədir.
"Risklərin idarə olunmasında müasir Avropa və Rusiya təcrübəsi" mövzusunda təqdimatla çıxış edən Rusiyanın Risklərin İdarə Olunması Cəmiyyətinin prezidenti Viktor Vereşagin qeyd edib ki, hər bir ölkədə mühasiblər üçün milli sertifikasiya proqramları hazırlanmalıdır. Çünki beynəlxalq sertifikasiya yerli şəraitə uyğun olmaya bilər.
"MDB ölkələri arasında valyuta depozitləri üzrə ən yüksək artım göstəricisi Azərbaycandadır. Gələcəkdə də Azərbaycanda valyuta depozitlərinin həcmi artacaq. Bu da banklarda aktiv və passivlər arasında fərqi artırır. Bununla yanaşı, depozitlərin ümumi sayının azaldığını da müşahidə edirik", - deyə "Moody's" beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukova vurğulayıb.
ARPA-nın ekspertlər qrupunun sədri Elman Sadıqov bildirib ki, maliyyə və real sektorlar bir-birlərini zəncirvari reaksiya şəklində inkişaf etdirə və ya böhrana sürükləyə bilər. Real sektorun inkişaf etdirilməli olan sahələrinin səmərəli maliyyələşmə yolu tapılmalıdır. Real sektorun elə bir sahəsi inkişaf etdirilməlidir ki, bu, ölkəyə valyuta axınını təmin etsin. Azərbaycanda iqtisadiyyatın inkişafı üçün 15-20 milyard manatlıq kreditləşməyə ehtiyac var. Əgər səmərəli olarsa, o zaman kreditləşmədən sonra iqtisadi inkişafa nail olmaq ehtimalı yüksək olar. Azərbaycanda, əsasən, turizm, kənd təsərrüfatı, ticarət və xidmət sektorunda kreditləşməyə ehtiyac var. Ölkədə ümumi kredit portfeli 20 milyard manata yaxındır. Bu məbləğin 9-10 milyard manatı işlək kreditlərdir.
Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev diqqətə çatdırıb ki, ölkənin bank sistemində likvidlik səviyyəsinin artırılması ilə bağlı hökumətə xüsusi təkliflər zərfi təqdim edilib. Manat likvidliyinin artırılması üçün bazar xarici investisiyaya tam açılmalıdır və bu proses təşviq olunmalıdır. Bu, bankların kapitallaşmasına dəstək verəcək və əlavə likvid vəsaitlərin cəlb olunmasına səbəb olacaq. Eyni zamanda, bank sektoruna inam artacaq.
Forumda "Banklar və real sektor: Risklər və perspektivlər", "Banklarda hüquqi risklər və əminliyə nəzarətin vacibliyinin artması", "Bank sektorunda risklərin idarə edilməsi standartları", "Devalvasiya və onun real və maliyyə sektorlarına təsiri" mövzusunda məruzələr dinlənilib.