CƏMİYYƏT
Bakıda rusiyalı həmyerlilərin Azərbaycan üzrə ölkə konfransı keçirilib
Bakı, 30 may, AZƏRTAC
Bakıda “Park Inn” mehmanxanasında rusiyalı həmyerlilərin Azərbaycan üzrə ölkə konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Multikulturalizm və Azərbaycanda rusiyalı həmyerlilərin ictimai təşkilatları” mövzusuna həsr edilmiş konfrans Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə Rusiyalı həmyerlilərin Azərbaycandakı ictimai təşkilatlarını Əlaqələndirmə Şurası tərəfindən təşkil edilib.
Konfransı Rusiyalı həmyerlilərin Azərbaycandakı ictimai təşkilatlarını Əlaqələndirmə Şurasının sədri Gülcan Myasoutova açıb. O qeyd edib ki, konfransın məqsədi – həmyerlilərin ictimai təşkilatlarının Azərbaycanda multikulturalizm məsələlərinə diqqətini artırmaq, qarşılıqlı əməkdaşlığı, millətlərarası əlaqələri dərinləşdirmək və genişləndirmək, mədəni əlaqələri nizamlamaqdır.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, bu il rusiyalı həmyerlilərin Azərbaycandakı ictimai təşkilatlarını Əlaqələndirmə Şurasının yaradılmasının 20 illiyi tamam olur. Səfir 2017-2018-ci illərdə reallaşdırılması nəzərdə tutulan proqramlar haqqında qısa məlumat verərək deyib ki, xaricdə yaşayan həmyerlilərin dəstəklənməsi Rusiya Federasiyasının xarici siyasətinin əsas prioritetlərindən biridir.
V.Doroxin vurğulayıb: “Rusiya Federasiyası maraqlıdır ki, Azərbaycanın bütün rusdilli vətəndaşları öz insan potensialını tam həcmdə reallaşdırsınlar və respublika həyatının bütün sahələrində layiqli yer tutsunlar. Bunun üçün burada əlverişli imkanlar yaradılıb. Azərbaycan öz gələcəyini Rusiya ilə sıx əlaqədə və əməkdaşlıqda görən sərbəst və müstəqil dövlətdir”.
Səfir Azərbaycanda rusdilli diasporu sakitliyin və əmin-amanlığın kiçik adası adlandırıb.
V.Doroxin deyib: “Azərbaycanda müxtəlif xalqların dil və mədəniyyət ənənələrinin qorunub saxlanması üzrə işlər dövlət siyasəti dərəcəsinə qaldırılıb və bu səviyyədə dəstəklənir. Mən bütün ili “Multikulturalizm ili” elan etməyə mənəvi haqqı olan dövlətlərin dünyada çox olduğunu düşünmürəm. Bizim aramızda qarşılıqlı anlaşma və dəstək atmosferi mövcuddur”.
Konfransda Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi ata, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin başçısı Valentin Denisov, Azərbaycan Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin və başqaları çıxış ediblər.
Tədbirdə, həmçinin həmyerlilərin qanuni hüquqlarının və mənafelərinin müdafiəsi, gənclərin ictimai təşkilatların fəaliyyətinə cəlb edilməsi, gənclər mühitində milli adət-ənənələrin və mərasimlərin dəstəklənməsi ilə bağlı məsələlər müzakirə olunub.
Konfransda həmyerlilərin ictimai təşkilatlarının, Rusiyanın Azərbaycandakı səfirliyinin, dini konfessiyaların, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin, ziyalıların, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.