CƏMİYYƏT
Bakıda Sabantuy bayramı qeyd edilib
Bakı, 29 iyul, AZƏRTAC
Bakının Suraxanı qəsəbəsində, Heydər Əliyev adına parkda tatarların milli bayramı – Sabantuy qeyd edilib.
Tədbirin təşkilatçısı Ümumdünya Tatarlar Konqresinin, Tatarıstan Respublikası (TS) Mədəniyyət Nazirliyinin və TS-nin Azərbaycandakı daimi nümayəndəliyinin dəstəyi ilə “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzi olub.
Rusiyanın Azərbaycandakı səfirliyinin müşavir-elçisi Oleq Muraşov, Tatarıstan Respublikası Nazirlər Kabinetinin VVAQ İdarəsinin rəisi Albina Şavaleyeva, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova, Qazaxıstanın Azərbaycandakı səfirliyinin konsulu Məqsəd Nurmaqambetov, Rusiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Sergey Klyuşev, Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müşaviri Məsim Məmmədov və başqaları tədbirin fəxri qonaqları olublar.
AZƏRTAC Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, əvvəlcə qonaqlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi qarşısına çiçəklər düzüblər. Sonra Azərbaycan və tatar xalqlarının birliyinin və qardaşlığının rəmzi olan dostluq ağacları əkilib.
Sonra bayramın təntənəli açılışı olub. Azərbaycan, Rusiya və Tatarıstanın milli himnləri səslənib. Milli paltarlar geyinmiş tatar diasporu fəallarının paradı olub. Paradın gənc iştirakçıları respublikada yaşayan xalqların rəqslərini ifa ediblər.
Tatarıstan Nazirlər Kabinetinin VVAQ İdarəsinin rəisi Albina Şavalyova çıxış edərək, tədbir iştirakçılarına Tatarıstan Prezidenti vəzifələrini müvəqqəti icra edən Rüstəm Minnixanovun təbrik sözlərini çatdırıb. Rusiyanın Azərbaycandakı müşavir-elçisi O. Muraşov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini S.Hüseynova, Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi A.Zakirov və digər fəxri qonaqlar da tədbir iştirakçılarını bayram münasibətilə təbrik ediblər.
Sonra qonaqlara “Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzinin yaradıcı nümayəndələrinin iştirakı ilə bayram konserti təqdim olunub.
Populyar tatar mahnıları ifa edən tatar estradasının tanınmış nümayəndələri İlsaf və Dili Niqmatullinaların çıxışı gözəl sürpriz olub.
Qonaqlar tanınmış opera müğənnisi, beynəlxalq müsabiqələr laureatı, Sankt-Peterburqdakı Mariya Teatrının solisti, bakılı Timur Abdikeyevin çıxışından zövq alıblar.
Peşəkar kəndirbazlar bayrama xüsusi kolorit qatıblar.
Sonra qonaqlar ənənəvi bayramın bir parçası olan çoxsaylı müsabiqələrdə öz güclərini, çevikliklərini və bacarıqlarını sınayıblar. Gənc tatar qızlar “Ən yaxşı tatar gəlini” müsabiqəsində məharətlərini nümayiş etdiriblər.
Tatarların milli güləş növündə - kureş güləşində gücünü sınayanlar əsl bahadır gücü ortaya qoyublar. Ənənəyə görə, ən güclü pəhləvana əsas mükafat - qoç təqdim olunub.
Tədbirin qonaqları tatar mətbəxinin təamlarının dadına baxıblar. Şənlikdə iştirak edənlər qonaqpərvər Azərbaycan torpağında Sabantuy bayramının milli ruhunu tam dolğunluğu ilə hiss ediblər.