MƏDƏNİYYƏT


Bakıda Sergey Yeseninə həsr olunmuş “Mənim düşüncəli və zərif diyarım” adlı sərgi açılıb

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində görkəmli rus şairi Sergey Yeseninin 121 illiyinə həsr olunmuş “Mənim düşüncəli və zərif diyarım” adlı sərgi açılıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ilk dəfə Azərbaycanda nümayiş etdirilən sərginin ekspozisiyasına Sergey Yesenin Dövlət Qoruq Muzeyi tərəfindən təqdim olunmuş fotoşəkilləri, rəsm əsərləri, heykəlləri, nəşrləri və məişət əşyaları daxildir.

Sərgi Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi, Ryazan vilayətinin Mədəniyyət və Turizm Nazirliyi və S.Yesenin Dövlət Qoruq Muzeyinin rəhbərliyi tərəfindən təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov sərgi barədə tədbir iştirakçılarına ümumi məlumat verib.

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Sergey Yeseninin Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində xidmətlərini xüsusilə qeyd edib, şairin yaradıcılığının Azərbaycan dövrü haqqında danışıb və sərginin işində uğurlar arzulayıb.

Tədbirdə, həmçinin Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Ryazan vilayətinin mədəniyyət və turizm naziri Vitali Popov, Sergey Yesenin Dövlət Qoruq Muzeyinin direktoru Boris İohanson çıxış ediblər.

Daha sonra qonaqlar sərgi ekspozisiyası ilə tanış olublar.

Tədbir çərçivəsində Sevda Məmmədəliyeva ilə Ryazan vilayətinin mədəniyyət və turizm naziri Vitali Popov və Sergey Yesenin Dövlət Qoruq Muzeyinin direktoru Boris İohanson arasında görüş keçirilib. Azərbaycan ilə Rusiya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq müzakirə edilib. Qonaqlar Sergey Yeseninin əsərlərinin Azərbaycan xalqı tərəfindən sevildiyinin şahidi olduqlarını və bunun müsbət hal olduğunu qeyd ediblər. Görüşdə şairin 1924-1925-ci illərdə Bakıda yaşadığını və həmin dövrdə bir sıra əsərlər yaratdığını nəzərə alaraq, Sergey Yesenin Dövlət Qoruq Muzeyində S.Yeseninin həyat və yaradıcılığının Azərbaycan dövrünə həsr edilmiş guşənin yaradılmasının məqsədəuyğunluğu vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.