İQTİSADİYYAT
Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirələr aparılıb
Bakı, 2 iyul, AZƏRTAC
Bakıda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı müzakirələr aparılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Azərbaycan, İran və Rusiya dəmiryolçuları arasında keçirilən üçtərəfli görüş zamanı baş tutub.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.
O bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.
Sonra üçtərəfli görüşdə Azərbaycan tərəfinin Astara (Azərbaycan)-Astara (İran) birləşdirici xəttinin tikintisində, İran tərəfinin Qəzvin-Rəşt birləşdirici xəttinin tikintisində gördüyü işlər, Rusiya-Azərbaycan-İran və Rusiya-Azərbaycan-İran-Hindistan marşrutları üzrə və əks istiqamətdə yük daşınma həcminin artırılmasında “Rusiya Dəmir Yolları” ASC-nin iştirakı, Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsində də “Rusiya Dəmir Yolları” ASC-nin iştirak şərtləri müzakirə olunub.
Tədbirin sonunda müvafiq sənəd imzalanıb.
Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanıb. Razılaşma daxili prosedurlardan keçdikdən sonra 2002-ci il mayın 21-də qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz “Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında Saziş”ə qoşulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il dekabrın 7-də “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncama uyğun olaraq, 2016-cı il aprelin 20-də Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, 2016-cı il martın 1-dən isə Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 kilometr uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib.
Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.