ELM VƏ TƏHSİL
“Soyqırımları xalq yaddaşında” mövzusunda beynəlxalq elmi konfrans
Bakı, 2 mart, Pərvanə İmanova, AZƏRTAC
Martın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında bu qurumun “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Soyqırımları xalq yaddaşında” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları AMEA-nın əməkdaşlarının soyqırımlara həsr edilən rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək azərbaycanlılara qarşı soyqırımlara həsr olunan beynəlxalq konfransın əhəmiyyətindən danışıb.
AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımlarının tədqiqi” komissiyasının fəaliyyətini xüsusi vurğulayan akademik burada elmi tədqiqatların əksəriyyətinin soyqırımlarının tarixinə, onların daha dərindən öyrənilməsinə həsr olunduğunu söyləyib.
AMEA-nın rəhbəri tarix boyu xalqımıza qarşı aparılmış soyqırımı və deportasiya siyasətindən söz açıb. Akademik A.Əlizadə zaman-zaman ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasətindən də danışıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirib ki, konfransın əsas məqsədi əsrlər boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarını öyrənən və araşdıran elm adamlarının bir araya gəlməsini təmin etmək və onların fikirlərini dünya ictimaiyyətinə çatdırmaqdır.
Vurğulanıb ki, AMEA-da aparılan tədqiqat işlərinin əsasını azərbaycançılıq ideologiyası və məfkurəsi təşkil edir. Bu qurumun müxtəlif institut və elmi tədqiqat mərkəzlərində tədqiqat işləri əsasən tariximizin müxtəlif dövrlərinin, eyni zamanda soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin səbəb və mahiyyətinin öyrənilməsinə həsr olunur. “Azərbaycanlılara qarşı soyqırımlarının tədqiqi” komissiyasının fəaliyyəti barədə məlumat verən akademik İ.Həbibbəyli bu istiqamətdə AMEA-da işlərin sistemli şəkildə həyata keçirildiyini söyləyib. Komissiyanın hazırda altı işçi qrupunun fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.
AMEA-nın vitse-prezidenti Azərbaycan həqiqətlərinin, erməni yalanlarının dünya ictimaiyyətinə çatdırılmasında dövlətimiz tərəfindən görülən işləri yüksək qiymətləndirib, bu istiqamətdə alimlərimizin də üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.
Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Muxtar İmanov çıxış edərək müxtəlif dövrlərdə xalqımıza qarşı həyata keçirilən soyqırımları, ermənilərin törətdiyi qırğınların əsas mahiyyətinin öyrənilməsində, üzə çıxarılmasında təkcə tarixi sənədlərin, elmi araşdırmaların deyil, xalqın yaddaşının, insanların bu hadisələrlə bağlı xatirələrinin də mühüm rol oynadığını söyləyib.
Qeyd edilib ki, tarixi sənədlərdə əksini tapmayan bir çox qırğın faktları nəsildən-nəslə ötürülüb. Xalqın yaddaşında hifz olunan şifahi tarixlə arxiv sənədlərində əksini tapan yazılı tarixin ciddi təhlillərindən, siyasi qiymətləndirilmələrdən keçirilib ümumiləşdirilməsi azərbaycanlılara qarşı törədilmiş soyqırımları barədə daha dolğun və obyektiv təsəvvür yaratmağa kömək edər.
Alim müxtəlif dövrlərdə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya siyasətindən, çirkin əməllərdən söz açıb. Mənfur qonşularımız tərəfindən Azərbaycanın çoxlu qədim mədəniyyət abidələrinin, tarixi yerlərimizin məhv edildiyini söyləyib.
Konfransda türkiyəli professor Kamal Çiçək, Fransanın Avrasiya Araşdırmaları Mərkəzinin əməkdaşı Maksim Gey və özbəkistanlı yazıçı-publisist Şurxat Salamov çıxış edərək dünyada müxtəlif xalqlara qarşı həyata keçirilən soyqırımları, deportasiyalar, onların elmi siyasi mahiyyəti, başvermə səbəbləri barədə məlumat veriblər. Alimlər erməni saxtakarlığının ifşa edilməsində bu cür tədbirlərin əhəmiyyətini qeyd edib, buna beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulayıblar.
Daha sonra konfrans işini bölmə iclasları ilə davam etdirib. İclaslarda “Naxçıvanda soyqırımı hadisələri və folklor”, “Xocalı faciəsi Qarabağ bayatılarında”, “Qarabağın işğalı xocavəndlilərin xatirələrində”, “Erməni qəddarlığı xalq yaddaşında”, “Ermənilərin türklərə qarşı soyqırımı siyasətinin etno-psixoloji kökləri” və digər mövzularda məruzələr dinlənilib.