İQTİSADİYYAT


Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Xəzər regionu” mövzusunda biznes forum keçirilib [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 25 noyabr, Laçın Sultanova, AZƏRTAC

Bakıda “Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən – Xəzər regionu” mövzusunda beynəlxalq biznes forum keçirilib.

Tədbirin media tərəfdaşı AZƏRTAC xəbər verir ki, biznes forumda enli dəmir yoluna malik ölkələrin milli dəmiryol şirkətlərinin, aparıcı nəqliyyat, logistika və maşınqayırma müəssisələrinin, Azərbaycanın və Rusiyanın əlaqədar dövlət idarəetmə orqanlarının rəhbərləri iştirak ediblər.

Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov biznes forumda çıxış edərək, iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev adından salamlayıb, onlara uğurlar və rifah arzu edib.

Baş nazirin müavini deyib: “Bakı beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi mühüm mərkəzdir. Azərbaycanın nəqliyyat infrastrukturu hələ XIX əsrin ortalarında neft hasilatının inkişafı ilə əlaqədar genişlənməyə başlayıb”. A.Şərifov xatırladıb ki, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu məhz Azərbaycanda yaradılıb. Ölkə rəhbərliyinin nəqliyyat infrastrukturunun inkişafına diqqətindən danışan A.Şərifov qeyd edib ki, son illər bu sahəyə təqribən 25 milyard dollar yatırılıb. O deyib: ”Həmin vəsait bərə keçidlərinin, avtomobil yollarının tikintisinə, Azərbaycan ilə Gürcüstan arasında dəmir yolunun tam yenilənməsinə yönəldilib”. Azərbaycanın iştirakı ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, “Qərb-Şərq” kimi nəqliyyat layihələrinin həyata keçirildiyini xatırladan Baş nazirin müavini biznes forum iştirakçılarına bildirib ki, Azərbaycanı İranla və dəmir yolunun Azərbaycandan keçən hissəsini həmin istiqamətdə birləşdirən körpünün tikintisi ilin sonuna qədər başa çatacaq. “Bakı-Tbilisi-Qars” dəmir yolu da elə bu ilin sonunda işə salınacaq. O bildirib ki, “Bakı-Tbilisi-Qars” dəmir yolu birbaşa Avropaya gedən yoldur. Baş nazirin müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaradılmasından, onun ərazisində Azad Ticarət Zonasının yaradılması layihəsinin icrasından danışaraq, rusiyalı iş adamlarını həmin layihəyə qoşulmağa dəvət edib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bildirib ki, forumda əsasən “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri ilə multimodal daşımaların təşkili, beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı problemlər, dəmir yolu infrastrukturunun tikintisi, dəmiryol nəqliyyatı vasitələrinin istehsalı, logistik zəncirvarı əlaqələrin qurulması və digər məsələlər müzakirə ediləcək. O, ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilə biləcəyini, Astara-Yalama istiqamətində də dəmir yollarının tam yenilənəcəyini, Azərbaycanın Astara-Rəşt dəmir yolunun tikintisi üçün İrana kredit ayıracağını bildirib. C.Qurbanov İran və Azərbaycandan keçməklə, Mumbaydan Rusiyaya konteyner qatarlarının sınaq yürüşünün yoxlanması və təhlili üçün işçi qruplarının yaradılmasını zəruri hesab etdiyini deyib.

“Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Mişarin deyib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı forumun əsas mövzusudur. O xatırladıb ki, artıq Hindistanın Mumbay şəhərindən Rusiyaya nümunəvi qatar yola salınıb və bu qatar İran və Azərbaycan ərazilərindən keçib. A.Mişarin deyib ki, Mumbaydan Sankt-Peterburqa yüklərin daşınması müddəti yeni istiqamət sayəsində Süveyş kanalından keçən ənənəvi marşrutla müqayisədə 14 gün azala bilər. O, həmçinin bildirib ki, Azərbaycan ilə Rusiya, habelə Rusiya ilə İran arasında yük axını son üç ildə xeyli artıb. A.Mişarinin sözlərinə görə, yükdaşımaların da strukturu dəyişib, hazırda əsasən yüksək gəlir gətirən yüklər daşınır.

İran Dəmir Yolu İdarəsi sədrinin müavini Hüseyn Aşuri ölkəsinin nəqliyyat potensialından danışaraq deyib ki, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi sayəsində yüklərin daşınması müddəti 40 faiz, onların daşınma xərcləri 30 faiz azalacaq. O, tranzit yüklər sahəsində daha səmərəli işləmək üçün dəhlizə görə məsuliyyət daşıyan nəqliyyat şirkətinin yaradılmasını, bu şirkətin fəaliyyətinin əlaqələndirilməsi üçün marşrutun keçdiyi ölkələrdə onun filiallarının açılmasını, habelə şirkət təşkil edilənə qədər həmin ölkələrin iştirakı ilə işçi qrupunun yaradılmasını təklif edib.

Qazaxıstanın nümayəndəsi, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti“ SC-nin vitse-prezidenti Sanjar Yelyubayev bildirib ki, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə, Çindən Avropaya Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə üç qatar yola salınıb. O, tərəflərə müraciət edərək, onları vahid tarif siyasəti yürütməyə və alternativ logistika yolları axtarmağa çağırıb.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev biznes forumda çıxış edərək deyib ki, Azərbaycan “Şimal-Cənub”, “Şərq-Qərb” layihələrinin icrasında əhəmiyyətli rol oynayan regional nəqliyyat habıdır. S.Babayev nəqliyyat dəhlizində çatışmayan hissələrin yaradılması prosesini sürətləndirməyə, logistikanı genişləndirməyə, prosedurları sadələşdirməyə, yükdaşımalara vahid qaydalar tətbiq etməyə çağırıb.

“Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru Mamuka Baxtadze bildirib ki, Avropa İttifaqı ölkələrində istehsal olunmuş avtomobillərdən ibarət ilk konteyner qatarı dekabrın ortalarında Poti limanından Tehrana yola düşəcək.

“Uralvaqonzavod” Elm-İstehsalat Korporasiyası” SC-nin baş direktoru Oleq Siyenko şirkətin “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişini yerinə yetirərək, müxtəlif çeşidli 3 min yük vaqonu göndərməsindən danışıb. O bildirib ki, müəssisə artıq İran Dəmir Yolu İdarəsi ilə də əməkdaşlıq etməyə başlayıb, bu ölkə üçün yük vaqonlarının 9 modelini layihələndirib. “Şimal-Cənub” layihəsinə toxunan O.Siyenko bildirib ki, bu, təkcə regionda deyil, həm də dünyada ən uğurlu nəqliyyat layihəsi olacaq. O, “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsini yüksək qiymətləndirərək, onu güclü geosiyasi layihə adlandırıb.

Biznes forum çərçivəsində sənədlər - “Azərbaycan Dəmir Yolları” QSC ilə “Ukrayna Dəmir Yolu” Publik-Səhmdar Cəmiyyəti (PSC) arasında qarşılıqlı anlaşma haqqında Memorandum; “TransKonteyner” PSC ilə “Port Dalyan Ltd korporasiyası” SC arasında strateji əməkdaşlıq niyyətləri haqqında Memorandum; “TransKonteyner” PSC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əməkdaşlıq haqqında Memorandum; Hindistan Nəqliyyat-Logistika Assosiasiyaları Federasiyası ilə “RJD Logistika” SC arasında strateji əməkdaşlıq haqqında Saziş; “Azərbaycan Dəmir Yolları” QSC ilə “Rusaqrotrans” QSC arasında əməkdaşlıq haqqında Memorandum; “RJDstroy” SC ilə “Bakı Metropoliteni” QSC arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.