İQTİSADİYYAT
Bakıda Transxəzər Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib
Bakı, 4 may, AZƏRTAC
Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair işçi qrupunun növbəti iclası keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycanı tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “ADY Express” MMC-nin direktoru Azad Qasımov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorunun müavini Vahid Əliyev və digər rəsmi şəxslər təmsil ediblər.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, iclasda “Qazaxıstan Dəmir Yolları” SC-nin logistika üzrə icraçı direktor Arman Sultanovun, “Ukrayna Dəmir Yolları” İSC-nin kommersiya departamentinin rəisi Yuri Merkulovun başçılıq etdiyi nümayəndə heyətləri, “Gürcüstan Dəmir Yolları” SC-nin yükdaşımalar üzrə direktoru Aleksi Nikolaişvili, Aktau və Batumi limanlarının və Gürcüstanın “Trans Caucasus Terminals” şirkətinin rəhbərliyi iştirak edib.
Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda rəqabətə davamlı tariflərin tətbiq olunmasını və Dostık/Altıngöl-Aktau-Bakı (Ələt)-Batumi marşrutu üzrə konteyner yükdaşımalarının təşkili qaydalarını müzakirə ediblər.
Eyni zamanda iclasda, aprel ayında yaradılan Beynəlxalq Transxəzər Nəqliyyat konsorsiumunun iş planı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun koordinasiya komitəsinin iclasının gündəliyi və digər məsələlər diqqət mərkəzində olub.
İclasın yekununa dair protokolun imzalanması nəzərdə tutulur.
Sabah isə Bakıda yeni yaradılan Beynəlxalq Transxəzər Nəqliyyat Konsorsiumunun iclası keçiriləcək. İclasda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun operatorları olan Azərbaycandan “ADY Express” MMC, Qazaxıstandan “KTZ Express” AC və Gürcüstandan “Trans Caucasus Terminals” şirkətlərinin səlahiyyətli nümayəndələri iştirak edəcək.