İQTİSADİYYAT
Bakıda Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin qurultayı təşkil olunacaq
Bakı, 25 avqust, AZƏRTAC
Bu ilin oktyabrında Bakıda Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) “Energetika və nəqliyyatda meqa-layihələr” adlı növbəti qurultayı keçiriləcək.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə şirkətin prezidenti Rövnəq Abdullayevin avqustun 25-də SOCAR-ın baş ofisində “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündarla keçirdiyi görüşdə məlumat verilib.
Görüşdə Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının bu ilin oktyabrında Bakıda keçiriləcəyi haqqında SOCAR-ın prezidentinə məlumat verilib. Bildirilib ki, builki qurultay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunacaq. Türk Dünyası Mühəndislər və Memarlar Birliyi 2016-cı ili ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ili elan edib.
“Energetika və nəqliyyatda meqa-layihələr” adı altında təşkil olunacaq bu mötəbər tədbirin açılışında və işində Türkiyənin Baş naziri Binali Yıldırımın iştirak edəcəyi qeyd olunub. Təşkilat Komitəsi tərəfindən SOCAR-ın prezidenti Rövnəq Abdullayevi Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü kimi qurultaya dəvət etmək haqqında qərar qəbul olunduğu bildirilib.
“Türkiye Petrolleri Anonim Ortaklığı” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Dəmirçinin imzaladığı dəvətnaməni SOCAR-ın prezidenti R.Abdullayevə təqdim edib.
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin növbəti qurultayının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmasını və Bakıda keçirilməsini yüksək qiymətləndirən SOCAR-ın prezidenti R.Abdullayev qurultayın fəxri nümayəndəsi statusuna layiq görüldüyü üçün təşəkkürünü bildirib.