MƏDƏNİYYƏT
Bakıda “Türk dünyası gənc yazarların şeir şöləni” adlı tədbir
Bakı, 13 iyul, Flora Şükürova, AZƏRTAC
Bakıda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi” adlı beş aylıq layihə çərçivəsində tədbirlər davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində “Türk dünyası gənc yazarların şeir şöləni” adlı son tədbir iyulun 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilib.
Tədbirdə DGTYB məsləhət şurasının sədri Əkbər Qoşalı çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.
Qeyd olunub ki, layihənin təşkil olunmasında əsas məqsəd türkdilli ölkələrin yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılmasından ibarətdir. Həmçinin, ölkələr arası ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmiş bu layihənin böyük mənəvi əhəmiyyət daşıdığı da vurğulayıb. Diqqətə satdırılıb ki, tədbirlərə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbriz, Şəki, Gəncə və Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gəlmiş gənc yazarlarla yanaşı, paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri də qatılıb.
Sonra gənc şairlər bir sıra şerlərini oxuyub. Habelə, şeir sədaları altında bir sıra musiqi nömrələri də səsləndirilib.