MƏDƏNİYYƏT
Bakıda Türk dünyası gənc yazıçılarının növbəti görüşü
Bakı, 11 iyul, Flora Şükürova, AZƏRTAC
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi” adlı beş aylıq layihə çərçivəsində tədbirlərə start verilib.
AZƏRTAC xəbər verir ki, iyulun 11-də layihə çərçivəsində növbəti tədbir Azərbaycanda Atatürk Mərkəzində təşkil olunub.
Tədbirdə mərkəzin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, DGTYB-nin sədri Əkbər Qoşalı, layihənin kuratoru Əfsanə Bayramova çıxış edərək türk dünyası gənc yazarların Bakı toplantısı çərçivəsində keçiriləcək tədbirlərdən söz açıblar. Bildirilib ki, iyulun 14-dək davam edəcək tədbirlər çərçivəsində qonaq yazarlar öz ölkələrindəki ədəbi vəziyyət, ədəbi işbirliyi imkanları haqqında məlumatlar verəcək və müasir ədəbiyyatın qarşıya qoyduğu əsas vəzifələrlə bağlı fikir mübadiləsi aparacaqlar.
Qeyd edilib ki, tədbirlərə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbriz, Şəki, Gəncə və Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc yazarlar, paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri qatılıblar. Onların bir sıra maraqlı görüşləri nəzərdə tutulub.