MƏDƏNİYYƏT


Bakıda Türk filmləri həftəsinin açılışı olub VİDEO

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC 

Noyabrın 22-də Nizami Kino Mərkəzində Türk filmləri həftəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Türk filmləri həftəsi Türkiyənin Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin baş kino şöbəsinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşır.

Rejissor Öner Kılıç Türk filmləri həftəsi barədə məlumat verib. O, qardaş ölkələr arasındakı olan körpüləri kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyini vurğulayıb. Qeyd olunub ki, təşkil edilən film həftəsində azərbaycanlı kinosevərlərə, peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən bədii və sənədli filmləri təqdim olunacaq.

Tədbirdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək deyib ki, həftə ərzində təqdim olunacaq ekran əsərləri ümumi dünyagörüşümüzün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha izləyicilərə çatdıracaq. Tamaşaçılar üçün bu həftə çox gözəl film bayramı olacaq.

Müasir türk kinematoqrafiyasının inkişafını yüksək dəyərləndirən Müşfiq Hətəmov deyib ki, qardaş ölkənin rejissorları ilə müştərək filmlərin çəkilməsinə çalışmalıyıq.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tədbirdə çıxış edərək iki qardaş xalq arasında əsrlər boyu davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıb. Diplomat deyib: “Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq bir-birinin sevincini, kədərini paylaşan və bütün bunları çox yaxından hiss edən, ürəyi bir vuran eyni millətdir. Bir-birimizi hər sahədə tanımalı, yaxınlaşmalıyıq. Çünki biz illərlə bir-birimizdən ayrı qaldıq. Bir-birimizi daha yaxından tanımaq və anlamaq üçün mədəniyyətlərimizi qarşılıqlı surətdə öyrətməli və öyrənməliyik”.

Bakıda keçirilən Türk filmləri həftəsi çərçivəsində kinosevərlərin maraqlı filmləri izləmək fürsəti əldə edəcəyini söyləyən səfir türk kinosunun keçdiyi tarixi inkişaf yolundan söz açıb. Bildirib ki, nümayiş olunacaq filmlər hər bir tamaşaçıda son dövrlər türk kinosu haqqında müsbət fikir formalaşdıracaq.

“Bir müddət əvvəl Türkiyə çox çətin günlər yaşadı. Bu günlərdə Azərbaycan xalqı bizim yanımızda oldu, bizimlə oldu”, - deyə Erkan Özoral vurğulayıb.

Yerli Düşüncə Dərnəyinin sədri, millət vəkili Metin Gündoğdu qeyd edib ki, Bakıda Türk filmləri həftəsi ikinci dəfədir keçirilir. Vurğulayıb ki, gələn ay Astanada da Türk filmləri həftəsi təşkil ediləcək.

Rəhbərlik etdiyi dərnək haqqında məlumat verən Metin Gündoğdu bildirib ki, qurumun məqsədlərindən biri də mədəni tədbirlər vasitəsilə birlik olduğumuzu nümayiş etdirməkdir.

Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib ki, film müasir dövrdə əlaqənin, tanışlığın ən təsirli vasitələrindən biridir. Türk filmlərini yalnız Azərbaycanda deyil, türk dünyasında da nümayiş etdirmək niyyətindəyik. Eyni zamanda, türk dünyası ölkələrinin filmləri də qarşılıqlı olaraq digər ölkələrdə təqdim edilməlidir.

Qeyd edək ki, açılış mərasiminə azərbaycanlı tamaşaçılara “Təhminə və Zaur” filmində yaratdığı Təhminə obrazı ilə tanınan Meral Konrat, gənc aktyorlar Sarp Levendoğlu, Emre Kızılırmak, həmçinin rejissorlar Ozhan Eren, Öner Kılıç, Altan Sönmez də qatılıb.

Sonra “Kalandar soğuğu” filmi nümayiş olunub. 2016-cı ildə istehsal olunan film Qara dənizin dağ kəndində yaşayan Mehmetin həyat hekayəsindən bəhs edir. Qeyd edək ki, bu film 2017-ci ildə Türkiyəni “Oskar” mükafatında təmsil edəcək.

Noyabrın 27-dək davam edəcək Türk filmləri həftəsi çərçivəsində “Kalandar soğuğu”, “Deliormanlı”, “Son mektup”, “Birleşen yollar”, “Elveda Katya” filmləri nümayiş olunacaq. Nümayişlərlə yanaşı, Türkiyədən gələn tanınmış aktyor və rejissorlarla görüşlər də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.