İDMAN
Keniya, Türkiyə, Ukrayna və Rusiya boksçuları Bakıda keçirilən APB turnirində qələbə qazanıblar
Oktyabrın 25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində Beynəlxalq Boks Federasiyasının APB (“AİBA Pro Boxing”) turniri çərçivəsində 69 kiloqram çəki dərəcəsi üzrə yarışın ilk mərhələsinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, döyüşlərdən əvvəl konsert proqramı təqdim olunub.
Rinqə əvvəlcə avstriyalı Markos Nader və keniyalı Rayton Okviri
çıxıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə keniyalı idmançı rəqibini məğlub edib.
İkinci görüş Türkiyə təmsilçisi Onur Sipal və litvalı Eimantas Stanionis arasında keçirilib. Üstünlük nümayiş etdirən Onur Sipal APB turnirində ilk qələbəsini qazanıb.
Digər döyüşdə Ukrayna boksçusu Denis Lazerev macarıstanlı Qyule Keyt ilə üz-üzə gəlib. Bu görüş Denis Lazerevin qələbəsi ilə yekunlaşıb.
Günün sonuncu qarşılaşması isə Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov və rusiyalı Andrey Zamkovoy arasında keçirilib. Döyüşdən rusiyalı boksçu qalib ayrılıb.