SİYASƏT
Səfir Erkan Özoral: Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-də Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin fəaliyyətinin 25-ci ildönümü ilə əlaqədar qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, qəbulda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin tarixindən danışıb. O əminliklə bildirib ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri həmişə davam edəcək. Ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu vurğulayan səfir deyib ki, Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov ölkələrimizin əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərini qeyd edib. O bildirib ki, ümummilli lider Heydər Əliyevin və mərhum Prezident Süleyman Dəmirəlin səyləri nəticəsində ölkələrimiz arasında yaranmış dostluq və qardaşlıq münasibətləri bu gün qətiyyətlə davam etdirilir. Bu gün bu münasibətlərin daha da möhkəmlənməsində prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın böyük xidmətləri var.
Əhliman Əmiraslanov Azərbaycan ilə Türkiyə arasında digər sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də inkişaf etdiyini, qanunverici orqanlarımızda fəaliyyət göstərən dostluq qruplarının bu işdə mühüm rol oynadıqlarını diqqətə çatdırıb.