ELM VƏ TƏHSİL
Bakıda Türkiyə universitetlərinə sənəd qəbulu başlanıb VİDEO
Bakı, 6 avqust, AZƏRTAC
Avqustun 6-da Bakıda Azərbaycan “Təhsil” Cəmiyyəti və “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Türkiyə universitetlərinə ödənişsiz sənəd qəbulu başlanıb.
AZƏRTAC xəbər verir ki, sərgidə gənclərə Türkiyədə yüksək keyfiyyətli təhsil imkanı, universitetlər, yataqxanalar, dil kursları və bu sahə ilə bağlı digər məsələlər barədə məlumat verilib.
Mərkəzin Türkiyə layihələri üzrə rəhbəri Razi Vəliyev sərgiyə, təxminən 1000-dək müraciət daxil olduğunu bildirib. O, iki gün davam edəcək tədbirdə Bahçeşehir, İstanbul Aydın, Beykent, Doğuş TED, Üsküdar universitetlərinin, Kavram Peşə Akademiyasınin və dil kurslarının, Türkiyədə qiyabi təhsil mərkəzinin və yataqxanaların iştirak etdiyini bildirib.
R.Vəliyev söyləyib ki, Türkiyənin dövlət universitetlərində attestatla qəbul hələ də davam edir. Budəfəki sərgidə əlavə olaraq virtual reallıq gözlüyü təqdim olunub. Sərgi iştirakçıları bu texnologiyadan istifadə etməklə Türkiyə universitetləri ilə qiyabi tanış ola biləcəklər.