ELM VƏ TƏHSİL
Bakıda Türkiyə universitetlərinin növbəti təhsil sərgisi açılıb VİDEO
Bakı, 2 aprel, P.İmanova, AZƏRTAC
Aprelin 2-də Bakıda “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə Türkiyə universitetlərinin növbəti təhsil sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgidə Türkiyənin 20-dən çox universitet və yataqxanası stendləri ilə təmsil olunub.
Tədbirdə qardaş ölkədə yüksək keyfiyyətli təhsil imkanları, yataqxanalar və Türkiyə universitetlərində pulsuz təhsil imkanı barədə və digər məsələlər barədə ətraflı məlumat verilib, təqdimatlar keçirilib. İştirakçılar bu ölkənin bir neçə ali təhsil müəssisəsinin təqaüd proqramı barədə məlumatlandırılıblar.
“Akademi Group”un Türkiyə üzrə layihələr rəhbəri Razi Vəliyev artıq beşinci ildir keçirilən sərginin iştirakçılar tərəfindən maraqla qarşılandığını söyləyib. Bildirilib ki, sərginin məqsədi tələbələrə Türkiyənin yüksək keyfiyyətli təhsil sistemi, onlar üçün nəzərdə tutulan güzəştlər, yataqxanalar barədə məlumat vermək, düzgün seçim etmələrinə kömək göstərməkdir. Builki sərgidə Türkiyənin otuzadək dövlət, özəl və vəqf universiteti stendləri ilə təmsil olunur. Aprelin 3-dək davam edəcək sərgi çərçivəsində seminarların təşkili də nəzərdə tutulur.
Sərgidə təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitetlərin fəaliyyəti, üstünlükləri və digər məsələlərlə bağlı sualları cavablandırıb, iştirakçılara Türkiyənin ali məktəblərindən bəhs edən bukletlər, broşürlər verilib.