SİYASƏT


Bakıda Türkiyədə ötən il baş verən dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunan tədbir keçirilib

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Bakıda “TRT World Research Centre” ilə “Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi” (QAFSAM) tərəfindən birgə təşkil edilən “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 2016-cı il iyulun 15-i Türkiyədə baş verən hərbi çevriliş cəhdinin qarşısının xalq tərəfindən alınmasından və FETÖ ilə mübarizədən ətraflı bəhs edilib. Bildirilib ki, Türkiyə xalqı bu xəyanətkarlığa qəti şəkildə qarşı çıxdı, ölkəsinə, demokratiyasına sahib çıxdığını nümayiş etdirdi, qətiyyətlə qiyamın qarşısında durdu. Bu hadisələr, həmçinin bir daha sübut etdi ki, Türkiyə dövləti, demokratiyası çox güclüdür.

Azərbaycan Respublikası Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov qeyd edib ki, bir il əvvəl qardaş Türkiyədə baş verən dövlət çevrilişi cəhdi yalnız Türkiyədə deyil, Azərbaycanda da böyük təşviş yaratdı. O bildirib ki, Azərbaycan parlamenti həmin vaxt sözügedən hadisə ilə bağlı bəyanatla çıxış etdi.

Azərbaycan-Türkiyə münasibətlərinə də toxunan Əhliman Əmiraslanov qardaş ölkələrimizin hər zaman bütün məsələlərdə bir-birlərini dəstəklədiyini vurğulayıb.

Ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin tarixindən danışan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Necdet Ünüvar bildirib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub. “Bu gün yalnız SOCAR Türkiyə iqtisadiyyatına 12 milyard dollar sərmayə qoyub. Amma dostluğumuz bu pullardan üstündür. Bəlkə də dövlət çevrilişinə cəhd zamanı azərbaycanlı qardaşlarımızın dəstəyi, duaları sayəsində bu gün sağıq və Bakıdayıq”,- deyə Necdet Ünüvar vurğulayıb.

Ədalət və İnkişaf Partiyasından (AKP) deputat olan Ayşe Keşir isə ötən il baş verən dövlət çevrilişi cəhdini daha əvvəllər Türkiyədə baş verən çevriliş cəhdləri ilə müqayisə edib. O, Türkiyədə baş verən bu hadisələrin ölkənin demokratik inkişafını, iqtisadiyyatının güclənməsini istəməyən qüvvələr tərəfindən törədildiyini bildirib.

Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral vurğulayıb ki, FETÖ terror təşkilatı təkcə Türkiyə üçün deyil, bütün dünya üçün təhdiddir. Ona görə də FETÖ-yə qarşı təkcə Türkiyə yox, bütün dünya mübarizə aparmalıdır. Diplomat Türkiyə xalqının həmin gecə şəhid olanların xatirəsini əbədi olaraq hörmət və ehtiramla anacağını ifadə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.