MƏDƏNİYYƏT


Bakıda Türkiyənin mədəniyyət günlərinin açılışı olub VİDEO

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı ilə qardaş ölkənin mədəniyyət və turizm günlərinə start verilib.

AZƏRTAC xəbər verir ki, tədbir IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyyət günləri” çərçivəsində baş tutub.

Tədbirdə Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev çıxış edərək İslam ölkələrinin mədəniyyət günlərinin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirib. Bildirib ki, səhər saatlarından başlayaraq şəhərimizin sakinləri və qonaqları Türkiyə mədəniyyət günləri çərçivəsində bu ölkənin muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi ilə tanış olublar.

İslamiada çərçivəsində Sabir bağında, həmçinin İndoneziya, Malayziya, Misir və digər ölkələrin mədəniyyət günlərinin uğurla keçirildiyini söyləyən natiq vurğulayıb ki, hər gün tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunur.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışaraq söyləyib ki, Azərbaycanla Türkiyə arasında hər sahədə mövcud tərəfdaşlıq əlaqələri birlik və bərabərliyin göstəricisidir. “Biz digər sahələrdə olduğu kimi, idman və mədəniyyət sahəsində də həmrəyik. Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənindir”,- deyə səfir vurğulayıb.

İki günlük proqramın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirən diplomat tədbirin işinə uğurlar arzulayıb.

Qeyd edək ki, səfirliklə yanaşı, İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100-dək sənət ustası qatılıb.

Tədbir iki gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək. Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsert proqramları təqdim olunacaq. Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut kimi populyar müğənnilər də var. N.Ünsal şənbə, B.Kut isə bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcək.

Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər. Bundan başqa, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək. Həmçinin, tədbir meydanındakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.