İQTİSADİYYAT


Bakıda “Ukraynanı kəşf et” turizm layihəsinin təqdimatı keçirilib

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

“Boulevard Hotel Baku” otelində “Səmimi Avropa dövləti olan Ukraynanı kəşf et” adlı turizm layihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə səfir Aleksandr Mişşenko öz ölkəsinin iqtisadi vəziyyəti barədə qısa məlumat verib. O qeyd edib ki, Azərbaycanla Ukrayna arasında bütün sahələrdə olduğu kimi, turizm sahəsində də əlaqələr uğurla inkişaf edir.

“Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”, - deyən A.Mişşenko bildirib ki, noyabr ayında Bakıda Azərbaycan-Ukrayna biznes-forumu keçiriləcək. Ukrayna iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən 50-yə yaxın şirkətin nümayəndələri həmin tədbirdə iştirak etmək üçün Bakıya gələcəklər.

Səfir deyib: “Forum çərçivəsində bir sıra məsələlər, o cümlədən 2018-ci ildə Azərbaycanda “AN-178” təyyarələri istehsal edən zavod tikintisi, habelə Ukraynanın ən iri “İndar” əczaçılıq şirkətinin dəstəyi ilə dərman istehsal edən fabrik yaradılması məsələləri müzakirə ediləcək”. Səfir onu da qeyd edib ki, gələn il Ukraynada “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. Ukrayna hökuməti bu müsabiqə dövründə turistlərin təhlükəsizliyini tam təmin etmək niyyətindədir.

Diplomat bildirib ki, Azərbaycan və Ukrayna təhsil sahəsində fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, hazırda Ukraynada 6 minə yaxın azərbaycanlı tələbə oxuyur.

Ukraynada Turizmin İnkişafı Assosiasiyasının sədri, müvafiq layihənin əlaqələndiricisi Marina Xariton, Ukrayna turizm şirkətlərinin və Ukrayna şəhərlərindəki otellərin nümayəndələri öz ölkələrinin turizm imkanları barədə məlumat veriblər. Gələn il may ayında Kiyevdə keçiriləcək “Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsi dövrü üçün xüsusi turizm paketi də təqdim olunub.

Qeyd edilib ki, qeyri-rəsmi ünsiyyət və biznes əlaqələrinin tənzimlənməsi üçün müvafiq məkan yaradılacaq.

Təqdimat iştirakçılarının çıxışları Ukraynanın turizm potensialı barədə videoçarxın nümayişi ilə müşayiət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.