İQTİSADİYYAT
Bakıda Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondu üzrə Qəyyumlar Şurasının iclası keçirilir
Bakı, 25 may, AZƏRTAC
Ümumdünya Poçt İttifaqının (ÜPİ) təşkilatçılığı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə Bakıda ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu (Quality of Service Fund – QSF) üzrə Qəyyumlar Şurasının (Board of Trustees – BoT) iclası keçirilir.
RİTN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyin poçt sektorunun müdiri Novruz Məmmədov ölkəmizdə poçt sahəsinin inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar, icra edilən layihələr, poçt qanunvericiliyi və digər məsələlər barədə məlumat verib.
Bildirilib ki, ÜPİ ilə əməkdaşlıq çərçivəsində indiyədək 8 layihə həyata keçirilib. Bu layihələrə poçt yüklərinin daşınması üçün avtomaşın, müxtəlif çeşidli skaner, printer, izləmə sistemi avadanlığının alınaraq poçt şəbəkəsində istismara verilməsi daxildir.
İclasda Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyası və Poçt Rabitəsi Operatorlar Şurası adından müvafiq tövsiyələr səsləndirilərək, QSF tərəfindən reallaşdırılan layihələrin, xüsusən inkişaf etməkdə olan ölkələrə töhfə verməkdə olduğu vurğulanıb.
Öz növbəsində, QSF üzrə Qəyyumlar Şurasının sədri İzabel Tavares sentyabrın 20-dən oktyabrın 7-dək İstanbul şəhərində keçiriləcək XXVI Ümumdünya Poçt Konqresindən söz açaraq, QSF-in gələcək fəaliyyətinin də məhz bu konqresdə müzakirə olunacağını vurğulayıb.
İ.Tavares Xidmət Keyfiyyəti Fondunun növbəti illərdə işini daha fəal və müsbət istiqamət üzrə davam etdirəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, üç gün davam edəcək iclas Azərbaycanda ilk dəfə keçirilir.