CƏMİYYƏT
Bakıda ”Uşaq hüquqları: İnkişaf və perspektivlər” mövzusunda tədbir keçirilib VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə Nəsimi Rayon İcra Hakimiyyəti dekabrın 23-də dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə “Uşaq hüquqları: İnkişaf və perspektivlər” mövzusunda tədbir təşkil ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə AQUPDK-nın, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ölkənin bütün regionlarından təhsildə uğurlar qazanmış, lider keyfiyyətlərə malik uşaqlar və onların valideynləri iştirak ediblər.
AQUPDK-nın sədri Hicran Hüseynova tədbirdə çıxış edərək vurğulayıb ki, Azərbaycanda uşaqların problemlərinin həllinə həmişə böyük diqqət yetirilib. Onların hərtərəfli inkişafına şərait yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Məsələn, müstəqilliyi bərpa ediləndən sonra Azərbaycanın qoşulduğu ilk mühüm sənədlərdən biri BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və bu sənədin məcburi olmayan əlavə 2 protokoludur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət artıq milli strategiyaya çevrilib. Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirirlər.
H.Hüseynova bildirib ki, ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, Komitə mütəmadi olaraq, müxtəlif formada maarifləndirici layihələr həyata keçirir. Bu təlimlər qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə yönəlib.
Ölkə başçısının Sərəncamları ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində uşaqların daha firavan gələcəyi üçün mühüm məsələlər nəzərdə tutulub. Dövlətin gələcəyi uşaqların biliyindən, Vətənə sadiqliyindən asılıdır.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkəmizdə uşaq hüquqları sahəsində yürüdülən dövlət siyasətinin, habelə uşaq hüquqları ilə bağlı qərarların qəbul edilməsi, onların səmərəliliyinin təmin edilməsi proseslərində uşaqların iştirakının əhəmiyyətini vurğulayıb.
Tədbirdə uşaqlar arasında aparılan maarifləndirmə tədbirləri qeyd edilib, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində mükəmməl qanunvericilik bazasının olduğu vurğulanıb.
Sonda il ərzində AQUPDK tərəfindən həyat keçirilən layihələrə fəal qoşulan 55 uşağa hədiyyələr təqdim edilib.