MƏDƏNİYYƏT
Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur. Bütün bunlardan əlavə, 2009-cu ildən başlayaraq hər il ölkəmizdə sentyabrın 18-dən 28-dək keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki. Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ənənəyə uyğun olaraq bu il sentyabrın 18-dən 28-dək Bakıda Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festivalda Rusiya, Belarus, Belçika, Litva, Latviya, Hollandiya, Avstraliyadan 55 nəfər tanınmış musiqiçi və kollektivlər- Belarus Respublikasının Dövlət Kamera Orkestri, “Arirang” nəfəs alətləri kvinteti, “Avstraliyanın gənc virtuozları” ansamblı, Yevgeni Buşkov, İlya Qrubert, Aleksandr Novosyolov, Lüdmila Trifonova, Kseniya Knorre, Andris Vecumniyeks, Kasparas Uinskas, Vladimir Qromov, eyni zamanda, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Azərbaycan Dövlət xor kapellası, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestri, Q.Qarayev adına Dövlət kamera orkestri, ölkəmizin tanınmış incəsənət ustaları Rauf Abdullayev, Gülbacı İmanova, Ağaverdi Paşayev, Ceyhun Allahverdiyev, Nəzakət Teymurova, Mənsum İbrahimov, Fəridə Məmmədova, gənc istedadlı musiqiçilər Əyyub Quliyev, Riad Məmmədov, İlham Nəzərov, Ramil Qasımov və başqaları iştirak edəcəklər.
Festivalın konsertləri Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Dövlət kamera və orqan musiqisi zalı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqı, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində keçiriləcəkdir.
Azərbaycanlı və xarici musiqiçilərin rəngarəng konsert proqramlarında birgə çıxışları festivalın əsas ideyasını - mədəniyyətlərarası dialoq ideyasını əks etdirir. Festival günlərində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərinin təşkili də planlaşdırılır.
Festival çərçivəsində musiqisevərlər üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V.A.Mosartın “Fiqaronun toyu” operasının premyerası nümayiş olunacaq. Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkarımız Süleyman Ələsgərovun 90 illiyinə həsr olunmuş yubiley konsert təqdim ediləcək.
Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” mövzusunda elmi-praktik konfrans, “Trio-klassik” ansamblının konserti və “Muğam Ensiklopediyası”nın (rus dilində nəşri) təqdimat mərasimi keçiriləcək.