İDMAN


Bakıda Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri start götürüb

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-ü Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun doğum günüdür. Beynəlxalq qrossmeyster yaşasaydı, bu gün 31 yaşı tamam olacaqdı.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə iyulun 24-də parlaq zəka sahibi Vüqar Həşimovun xatirəsinə həsr olunan 8-10-12 yaşadək uşaqlar arasında beynəlxalq şahmat turnirinə start verilib.

Turnirin iştirakçıları əvvəlcə ikinci Fəxri xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edərək onun xatirəsinə dərin ehtiramlarını bildiriblər. Vüqar Həşimovun komanda yoldaşları Avropa çempionunun keçdiyi həyat yolundan və şahmat yarışlarında qazandığı nailiyyətlərdən danışıblar.

Vüqarın atası Qasım Həşimov açılış mərasimində çıxış edərək turnirin əhəmiyyətindən danışıb: “Vüqar hər zaman arzulayırdı ki, Azərbaycanda uşaqlar arasında beynəlxalq şahmat turniri keçirilsin. Bu gün siz belə turnirlərdə iştirak etməklə bacarığınızı artırırsınız. Vüqarın xatirə turniri uşaqlar arasında artıq ikinci ildir keçirilir. Ümid edirəm ki, bu turnir hər il ənənəvi olaraq keçiriləcək. Vüqarın qısa, lakin şərəfli ömür yolu gənc şahmatçılarımıza nümunə olmalıdır. Bütün iştirakçılara uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin”.

Tanınmış şahmatçının komanda yoldaşı, Avropa çempionu Qədir Hüseynov gənc şahmatçılar üçün Vüqarın karyerasını, onun partiyalarını dərindən öyrənməyin əhəmiyyətini vurğulayaraq bildirib: “Mən şahmatçı kimi onun karyerasına yaxşı bələdəm. Amma xüsusən uşaqlar onun partiyalarından öyrənməlidirlər. Elə ölkələr var ki, Vüqarın əldə etdiyi nəticələrə yalnız arzu kimi baxır. Onun qazandığı nailiyyətlər əksər şahmatçılar üçün əlçatmazdır. Vüqar daim komanda yoldaşlarına, xüsusən azyaşlı şahmatçılara kömək etməyə çalışırdı. O, böyük turnirlərdə heç vaxt bizi tək qoymazdı. Özü oynamadığı günlərdə bizə fəal dəstək olurdu. Bu gün onun yoxluğunu qəbul etmək çətindir. Biz onu daim xatırlayırıq. Uşaqlar Vüqardan öyrənməklə potensiallarını artırmalı, uğur qazanmalıdırlar. Şahmata yeni başlayanda məşhur idmançılarla görüşlər bizim üçün əsl bayrama çevrilirdi. İndi uşaqların şahmat üzrə yığma komandamızın üzvləri ilə görüşmək, onlardan öyrənmək imkanları daha genişdir. Etiraf edək ki, son on ildə yeni şahmatçılar yetişib və onlar uğurla çıxış edirlər. Artıq rəqabət vaxtıdır. Arzu edirəm ki, bizdən sonrakı nəsil daha güclü oynayaraq ölkəmizi layiqincə təmsil edəcək”.

Vüqar Həşimovun məşqçisi, moldovalı Viorel İordokesku mərhum şahmatçının xüsusi istedada malik olduğunu diqqətə çatdıraraq deyib: “O, həmişə digər tələbələrimdən fərqlənib. Şahmata olan sevgisini, komanda yoldaşları ilə dostluq münasibətini və nizam-intizamını həmişə yüksək rəğbətlə qarşılamışam. Vüqar Azərbaycanın şahmat tarixində silinməz iz buraxıb”.

Şahmatçı ilə bağlı xatirələrini bölüşən məşqçi Vüqar ilə ilk oyununu xatırlayaraq onun şahmatın sirlərinə dərindən bələd olduğunu və adının tanınmış şahmatçılar ilə bir arada çəkiləcəyinə əminliyini diqqətə çatdırıb.

Çıxışlardan sonra turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə qaydalar barədə məlumat verib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və beynəlxalq turnir açıq elan olunub.

Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Avqustun 1-dək davam edəcək mübarizəyə Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar qoşulublar.

Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.