ELM VƏ TƏHSİL


Bakıda XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı keçirilir

A+ A

Bakı, 5 dekabr, İ.Əsədov, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında bu qurumun Fizika İnstitutunun təşkilatçılığı, AMEA rəyasət heyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə XIV Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarı (APCWQIS-2016) keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycandan və dünyanın bir sıra ölkələrindən olan alim və mütəxəssislərin iştirak etdikləri konfransda AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev müasir dünyada elmin mühüm rolundan danışıb, ölkəmizdə bu sahənin inkişafına xüsusi önəm verildiyini vurğulayıb. O, tədbirin kvant informatikasının gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib, konfransın elmə töhfə verəcəyinə əminliyini bildirib.

Konfrans iştirakçılarına uğurlar arzulayan akademik R.Əliquliyev mühazirələrin dinləyiciləri olan yerli və xarici tələbələrə kvant informatikası haqqında daha çox məlumat əldə etməyi, gələcəkdə bu sahədə tədqiqatlar aparmağı tövsiyə edib.

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademiyanın müxbir üzvü Nazim Məmmədov kvant informatikasının yaranması və inkişafı tarixindən danışıb. Bildirilib ki, inkişaf etmiş elm sahəsinə çevrilən kvant informatikası fizikanın bir çox ənənəvi istiqamətlərini də əhatə edərək öz hüdudlarını kompüter və ifrat yüksək texnologiyalaradək genişləndirib.

N.Məmmədov bildirib ki, bu gün hətta ən güclü klassik kompüterlərin və kvant alqoritmlərin öhdəsindən gələ bilmədiyi məsələləri gələcəkdə informasiya-kommunikasiya texnologiyalarının əsas elementi kimi kvant kompüterləri səmərəli həll edəcək. Hazırda Azərbaycanda kvant informatikası sahəsində mütəxəssislərə ehtiyac olduğu üçün xarici alimlər işçi sessiyalardan əlavə, tələbə və doktorantlar üçün kvant informatikasına dair giriş kursları üzrə mühazirə oxuyacaqlar. Alim istedadlı gənclərin kvant informatikası kimi mühüm bir sahədə tədqiqatlara cəlb ediləcəklərinə əminliyini bildirib.

Konfransda Asiya-Sakit Okean hövzəsi ölkələrinin Kvant İnformatikası elmi konfransı və seminarının idarə heyətinin sədri, professor Çu Hiap Oh çıxış edib. Alim qeyd edib ki, konfrans bundan əvvəl Sinqapur, Cənubi Koreya, Çin, İsrail, Tayvan və digər ölkələrdə təşkil olunub. Hazırda kvant informatikası yaxşı inkişaf etmiş tədqiqat sahəsi olmaqla atom və optika fizikası, kvant optikası, aşağı temperaturlar fizikası, bərk cisimlər fizikası, kompüter elmləri və mühəndislik sahələrinin marağındadır.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev diqqətə çatdırıb ki, hazırda AMEA-nın Fizika İnstitutu dünya standartları səviyyəsində inkişaf edir və fond bu işdə elmi müəssisəyə kömək göstərir.

E.Babayev fond tərəfindən Fizika İnstitutuna irimiqyaslı qrantlar yolu ilə qoyulmuş sərmayənin gələcəyə hesablanmış bir investisiya olduğunu deyib. Alim bildirib ki, rəhbərlik etdiyi qurum mütəmadi olaraq institut alimlərinin xaricdə təcrübə keçmələrinə, tədqiqat işlərinin nəticələrinin nüfuzlu elmi jurnallarda nəşrinə kömək göstərir.

Sonra konfrans işini AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda akademik Rasim Əliquliyevin sədrlik etdiyi sessiya ilə davam etdirib.

Konfrans və seminar dekabrın 9-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.