İQTİSADİYYAT


Bakıda XXII Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016” sərgisi keçiriləcək

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sahəsində ən böyük tədbiri - XXII Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2016” sərgisi start götürəcək.

“İteca Caspian” şirkətindən AZƏRTAC-a bildirilib ki, “BakuBuild” sərgisi tikinti və memarlıq, layihələndirmə və təmir sahəsində bütün regionun ən mühüm peşəkar tədbiri hesab olunur. Hər il müxtəlif dünya ölkələrini təmsil edən minlərlə mütəxəssis bu sərgini ziyarət edir və burada biznes tərəfdaşları ilə əlaqə yaradır. “BakuBuild” sərgisi ilə yanaşı, IX Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “Aquatherm Baku 2016” və IX Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgilərinin də daxil olduğu Xəzər İnşaat Həftəsi keçiriləcək.

Bu il “BakuBuild” sərgisində dünyanın 26 ölkəsini təmsil edən 298 şirkət iştirak edəcək və üç ölkə - İtaliya, İran və Birləşmiş Ərəb Əmirlikləri sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Həmçinin tədbirdə fransız şirkətləri kollektiv stendlə, Türkiyəni təmsil edən istehsalçılar isə böyük qrup şəklində iştirak edəcək. Tikinti sahəsində öz xidmətlərini təklif edən istehsalçı, distribüter və müəssisələrdən ibarət Azərbaycan şirkətləri sərgi eksponentlərinin 50 faizini təşkil edir. “BakuBuild 2016” sərgisinin sponsoru qismində “Corella” markası (NB Group şirkəti) və “Akkord Cement” şirkəti, informasiya tərəfdaşı qismində isə “Dom i İnteryer” (Ev və İnteryer) çıxış edir.

Ənənəvi olaraq, “BakuBuild 2016” sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı-pəncərə, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidi təqdim olunacaq. Bakı Ekspo Mərkəzinin qarşısındakı xarici platformada isə ən yeni inşaat texnikası nümayiş olunur.

Qeyd edək ki, builki sərginin fərqləndirici cəhəti Azərbaycan, İtaliya, Ukrayna və digər ölkələri təmsil edən mebel şirkətlərinin fəal iştirakıdır. Bu şirkətlər sərgidə elit mebellərin geniş çeşidini nümayiş etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.