CƏMİYYƏT
Bakıda XX Azərbaycan Beynəlxalq səhiyyə sərgisi keçiriləcək
“İteca Caspian LLC” dən AZƏRTAC-a verilən məlumata görə, bu il “BIHE” sərgisi öz möhtəşəm yubileyini - uğurlu fəaliyyətinin 20 illiyini qeyd edir. Regionda səhiyyə və tibb sahəsində yeganə ixtisaslaşdırılmış tədbir olan “BIHE” sərgisi bu illər ərzində tibb sənayesinin mütəxəssisləri, həkimlər, klinika rəhbərləri, tibbi təyinatlı məmulat və avadanlıqların istehsalçıları, eləcə də dövlət təşkilatlarının nümayəndələri üçün mühüm görüş yerinə çevrilib. Fəaliyyət göstərdiyi 20 il ərzində sərgidə dünyanın 45 ölkəsindən 2000-dən çox şirkət iştirak edib və bu şirkətlər arasında müqavilələr imzalanıb. “BIHE” sərgisinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə dəstəyi ilə keçirməsi sərginin yüksək statusunu təsdiqləyir.
“BIHE-2014” sərgisində Azərbaycan, ABŞ, Almaniya, Belarus, Böyük Britaniya, İtaliya, İsveçrə, Rusiya, Ukrayna, Türkiyə, Çin və s. ölkələrdən şirkətlər iştirak edəcək. Ənənəvi olaraq sərgidə tibbi məhsul və xidmətlərin geniş çeşidi - tibbi və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, birdəfəlik istifadə materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnoloji müalicə və diaqnostika metodları, tibbi texnika və s. nümayiş etdiriləcəkdir.
Sentyabr ayının 26-da “BIHE-2014” sərgisinin işgüzar proqramı çərçivəsində ilk dəfə “Mamalıq ginekologiya və neonatoloqiya sahəsində müasir diaqnostika və müalicə metodları” adlı konfrans keçiriləcək.
“BIHE-2014” sərgisi ilə paralel keçirilən 8-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azərbaijan 2014” sərgisində kosmetika bazarının lideri olan peşəkar şirkətlər gözəllik salonları, SPA mərkəzləri və fitness-klublarda geniş istifadə edilən məhsul və texnologiyalarını təqdim edəcəklər.