MƏDƏNİYYƏT


Bakıda Xalq Rəssamı Vidadi Nərimanbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş fərdi sərgi açılıb

A+ A

Bakı, 15 iyul, AZƏRTAC

İyulun 15-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq Rəssamı Vidadi Nərimanbəyovun anadan olmasının 90 illiyinə həsr olunmuş fərdi sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Çingiz Fərzəliyev tədbiri açaraq Vidadi Nərimanbəyovun keçmiş SSRİ-də məşhur rəssam olduğunu söyləyib. Bildirib ki, rəssamın mövzuları hamını heyran edir.

Mədəniyyət və turizm nazirini müavini Ədalət Vəliyev çıxışında Vidadi Nərimanbəyovun XX əsr Azərbaycan rəssamlıq məktəbində iz qoymuş sənətkarlardan olduğunu söyləyib. Qeyd edib ki, Vidadi Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində anadan olub. Rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında alıb. Bu təhsil ocaqlarında dövrünün böyük rəssamlarından dərs alan Vidadi Nərimanbəyov yaradıcılığında ənənələrə sadiq qalıb.

Rəssamın könüllü olaraq İkinci Dünya müharibəsinə yolladığını bildirən nazir müavini deyib ki, bu səbəbdən o, müharibə mövzusuna yaradıcılığının bütün dövrlərində müraciət edib. Vidadi Nərimanbəyovun bu mövzuda olan əsərləri SSRİ mədəniyyət günlərində nümayiş olunub.

Rəssamın övladlarının onun yolunu davam etdirdiyini söyləyən Ədalət Vəliyev deyib ki, onlar ölkəmizi xaricdə layiqincə təmsil edirlər.

Tədbirdə Xalq rəssamları Ömər Eldarov, Səhlab Məmmədov və Fuad Salayev çıxış edərək rəssamla bağlı xatirələrini bölüşüb, onun yüksək insani keyfiyyətlərində danışıblar. Bildirilib ki, o həm də ictimai həyatda fəal insan olub.

Rəssamın qızı Nigar Nərimanbəyova atasını əsərlərindən ibarət sərginin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri təqdim olunub. Vidadi Nərimanbəyovun illər öncə yaratdığı bir neçə əsəri də bu sərgidə nümayiş edilib. 30-dan çox əsərin təqdim edildiyi sərgi iyulun 20-dək davam edəcək.

Qeyd edək ki, “Nədir günahımız?”, “Düşmənin sevinci...”, “Yolda” və digər əsərləri onu özünəməxsus dəst-xətti ilə seçilən, istedadlı rəssam kimi məşhurlaşdıra. V.Nərimanbəyov təkcə Azərbaycanda deyil, eyni zamanda, keçmiş SSRİ respublikalarında, Bolqarıstan, Rumıniya, Əlcəzair, Finlandiya, Çexiya, Macarıstan kimi dünyanın 20-dək xarici ölkəsində fərdi yaradıcılıq sərgilərini təşkil edərək, ölkəmizin incəsənətini təbliğ edib. Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, MDB və Avropa ölkələrinin muzeylərində saxlanılır.

Vidadi Nərimanbəyov 2001-ci ildə vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.