CƏMİYYƏT


Bakıda “Xalq, kitab, torpaq: Yəhudi xalqının Müqəddəs torpaqlarla 3500 illik əlaqəsi” mövzusunda sərgi açılıb [YENİLƏNİB]

A+ A

Bakı, 30 sentyabr, Pərvanə İmanova, AZƏRTAC

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasına dair Tədbirlər Planına əsasən V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Səmavi dinlərin tarixi” layihəsinin ilk sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Forum çərçivəsində təşkil edilən sərgi barədə məlumat verib. Bildirib ki, İudaizm dininə həsr edilən “Xalq, kitab, torpaq: Yəhudi xalqının Müqəddəs torpaqlarla 3500 illik əlaqəsi” mövzusunda sərgi maarifləndirici xarakter daşıyır. Yəhudi icmasına həsr olunan və ABŞ-dakı Simon Vizental Mərkəzinin xətti ilə keçirilən sərgidə bu xalqın 3500 illik tarixinə, etnoqrafiyasına aid nümunələr nümayiş olunur. Qeyd edilib ki, Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper 2016-cı ilin yanvarında Bakıya səfəri zamanı Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirərək sərginin ölkəmizdə nümayiş olunmasını təklif edib.

DQİDK-nın sədri multikultural və tolerant dəyərlərinə görə digər ölkələrə örnək olan Azərbaycanda bu cür sərgilərin təşkilini yüksək dəyərləndirib. Yəhudi icmasının Azərbaycanda azad şəkildə fəaliyyət göstərdiyini söyləyən M.Qurbanlı vurğulayıb ki, sərgi Azərbaycanda tolerantlığın ən gözəl nümunələrindəndir.

Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladan komitə sədri qeyd edib ki, bununla Azərbaycan xalqının digər millətlərlə dostluq, qardaşlıq şəraitində yaşadığını bütün dünyaya bir daha nümayiş etdirəcəyik. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlıq isə xalqımız üçün demokratik dəyərə çevrilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Forum çərçivəsində təşkil olunan sərgini Azərbaycan və yəhudi xalqlarının dostluğunun simvolu kimi dəyərləndirib. Bildirib ki, maarifləndirici və mədəni xarakter daşıyan sərgi ilə Azərbaycan mütəxəssisləri, gəncləri tanış olacaq və onlar dünyada mədəniyyətin yaranma mərkəzlərindən biri barədə daha dəqiq təsəvvür əldə edəcəklər. Təsadüfi deyil ki, sərgi V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilir. Foruma qatılan iştirakçıların bir çoxu bu gün burada iştirak edir.

Kamal Abdullayev deyib ki, V Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində Prezident İlham Əliyev həm bu tədbir, həm də dünyada gedən multikultural proseslər barədə öz fikirlərini söylədi. Biz gördük ki, Azərbaycan multikultural münasibətlər istiqamətində inamla irəliləyən ölkələrdən birinə çevrilib. Bugünkü sərgi də həmin multikultural mühitin bariz nümunəsidir.

Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper bildirib ki, sərginin Bakıda keçirilməsi Azərbaycan və yəhudi xalqları arasında dostluq münasibətlərinin gözəl təzahürüdür. Bizim xalqlarımızın ortaq dəyərləri var. Oktyabradək Muzey Mərkəzində nümayiş olunacaq sərgidə İsrailin tarixi, yəhudi xalqı haqqında ətraflı məlumatlar verilir. Bu sərgi sonra digər bölgələrdə də nümayiş olunacaq. Qeyd edilib ki, Simon Vizental Mərkəzinin sərgisi dünyanın müxtəlif ölkələrində təşkil olunub.

Sərginin əhəmiyyətindən bəhs edən UNESCO-nun baş direktorunun müavini Qetaçyu Enqida Azərbaycanda mövcud olan multikultural mühiti yüksək qiymətləndirib. O bildirib ki, dünyada sülhə, bərabərliyə nail olmaq, mədəni irsin itirilməsinin qarşısını almaq üçün fərqli mədəniyyətlərə, dinlərə malik insanların bir-birinə daha da yaxın olması olduqca vacibdir.

Qeyd edilib ki, UNESCO, ABŞ, və Kanadanın dəstəyi ilə hazırlanan sərgi əvvəlcə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında, UNESCO-nun Parisdəki mənzil-qərargahında, ABŞ Konqresində, İsrail Knessetində, həmçinin Vatikan, Danimarka və Albaniyada da keçirilib. Mədəni və maarifləndirici xarakter daşıyan sərginin Parisdəki açılışlarında UNESCO-nun baş katibi İrina Bokova iştirak edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Milli Məclisin deputatı Asim Mollazadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Rəşad Əliyarlı, Fransa İmamlar Konfransının sədri Hasan Şalqumi, Los-Anceles şəhərindəki “Kral Fəth” məscidinin imamı Məhəmməd Xan və digər qonaqlar Azərbaycanda mövcud olan tolerant və multikultural mühitin yüksək səviyyədə olmasından, V Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən bəhs ediblər.

Tədbir çərçivəsində, həmçinin Muzey Mərkəzinin sərgi qalereyasında azərbaycanlı gənc rəssam və heykəltəraşların əsərlərindən ibarət “Tolerant Azərbaycan gənci” mövzusunda sərgi açılıb. Sərginin təşkilatçısı və təşəbbüskarı sənətşünas Dilarə Müzəffərlidir. “Tolerant Azərbaycan gənci” layihəsi 2015-ci ildən həyata keçirilir. Layihənin məqsədi ölkəmizdə mövcud olan milli, etnik, irqi, dini tolerantlığın geniş ictimaiyyətə çatdırılmasına yaradıcı gənclərin cəlb olunmasıdır. Bununla yanaşı, Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdimatıdır. “Tolerant Azərbaycan gənci” layihəsi Azərbaycanda əsrlərdən bəri mövcud olan və çağdaş günümüzdə də uğurla davam etdirilən tolerantlığın ilk dəfə olaraq təsviri sənət əsərləri vasitəsilə geniş ictimaiyyətə çatdırılması, fəaliyyətinə yaradıcı gənclərin cəlb edilməsi və Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdimatı məqsədini daşıyır. Layihə çərçivəsində son bir ildə gənc rəssamların əsərlərindən ibarət təsviri sənət sərgisi müxtəlif vaxtlarda dəfələrlə ölkəmizdə və xaricdə uğurla nümayiş etdirilib.

Tədbirdə bildirilib ki, XXI əsrdə dünyada etnik münaqişələrin artması, dinlərarası anlaşılmazlıq və qlobal problemlərin gərginləşməsi qarşılıqlı anlaşmanın və tolerantlığın önəmini bir daha gözlər önünə sərir. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan əsrlərdən bəri müxtəlif millətlərə, irqlərə, dinlərə və etnik qruplara məxsus insanların birgə qarşılıqlı hörmət və anlayış içərisində yaşadığı ən unikal məkandır. Ölkəmizdə mövcud olan multikultural və tolerant mühit əsrlərin sınağından keçərək bu gün artıq örnək olacaq bir model kimi tədqiqat obyektinə çevrilib. Bu modeli dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər iki sərginin Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilməsi çox önəmlidir.

16-29 yaş qrupuna aid gənc rəssamların rəngkarlıq, qrafika və heykəltaraşlıq əsərlərindən ibarət sərgidə, eyni zamanda, Bakıdan və respublikamızın müxtəlif regionlarından 6-16 yaş qrupundan olan, yaradıcılıqda ilk addımlarını atan uşaq və yeniyetmələrin də tolerantlıq, multikulturalizm mövzularında əsərləri nümayiş olunur. Sərgi vasitəsilə Azərbaycan uşaqları və gəncləri təsvir dili ilə bir daha dünyaya dostluq mesaji vermiş olurlar.

İştirakçılara “Tolerant Azərbaycan gənci” və “Tolerantlığımızın gələcəyi: 6-16” kataloqları paylanılıb.

Sərgi oktyabrın 2-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.