ELM VƏ TƏHSİL
Bakıda Xəzər dənizi regionunun coğrafi problemlərinə həsr olunan beynəlxalq elmi forum işə başlayıb
AZƏRTAC xəbər verir ki, beynəlxalq forumda Azərbaycan, Rusiya (Moskva, Sankt-Peterburq, Həştərxan, İrkutsk və s.), Belarus, Qazaxıstan, Gürcüstan və başqa ölkələrdən 50-dək alim iştirak edir.
AMEA-nın Geologiya və Geofizika İnstitutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri, akademiyanın müxbir üzvü Fəxrəddin Qədirov AMEA-nın prezidenti, akademik Akif Əlizadənin forum iştirakçılarına məktubunu oxuyub.
Tədbirdə, həmçinin REA Coğrafiya İnstitutunun direktoru, akademik Vladimir Kotlyakov, Belarus Milli Elmlər Akademiyası Təbiətşünaslıq İnstitutunun direktoru, akademik Vladimir Loginov və Ukrayna Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, akademik Leonid Rudenkonun məktubları oxunub.
Sessiyada Xəzər dənizi regionunun fiziki, iqtisadi-sosial-coğrafi problemlərinin və eləcə də Avrasiya məkanında müxtəlif coğrafi (regional və yerli) ərazilərin dayanıqlı inkişafının kompleks şəkildə geniş müzakirəsi aparılacaqdır.
Tədbirdə xarici və azərbaycanlı alimlərin iyirmidən çox məruzəsi, o cümlədən AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “İqlim dəyişmələrinin və antropogen yüklənmələrin Xəzər dənizinin ekosisteminə təsiri”, L.Desinov, S.Desinov, N.Listoşenko, V.Rudakov, V.Çernoqlazov (REA Coğrafiya İnstitutu), M.Belyayev və V.Ryazantsevin (Roskosmos, “RKK “Enerji” ASC) “Xəzər dənizi regionunun neft çirklənmələrinin monitorinqinin mümkünlüyü”, E.Əlizadə, S.Zeynalova, S.Quliyeva və İ.Kuçinskayanın (AMEA Coğrafiya İnstitutu) “Xəzər dənizinin qərb sahili geosistemlərinin landşaft-ekoloji xüsusiyyətləri”, F.İmanovun (Bakı Dövlət Universiteti) “Kürün illik axınının təbii və antropogen transformasiyası” və digər mövzularda məruzələr dinləniləcək.
Tədbir çərçivəsində Bakı, Xəzər dənizinin sahilyanı əraziləri və Böyük Qafqazın şimal-şərq yamacına tanışlıq xarakterli ekskursiyalar təşkil ediləcək.
Beynəlxalq forum sentyabrın 20-də başa çatacaq.