CƏMİYYƏT
Bakıda Xəzər dənizi sahilinin təmizlənməsi ilə bağlı beynəlxalq aksiya keçiriləcək
AZƏRTAC xəbər verir ki, həmin gün Buzovna çimərliyi tullantılardan təmizlənəcək. Bu təşəbbüs “Coca-Cola” şirkəti tərəfindən artıq 19 ildir dəstəklənir və dünya miqyasında çimərlik, daxili sular və okeanların zibil və tullantıların təmizlənməsinə dair ən iri birgünlük könüllü aksiya hesab olunur. Builki aksiya Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti, “EkoSfera” qeyri-hökumət təşkilatı və “Friday.az” informasiya-əyləncə portalı tərəfindən dəstəklənir. Aksiyanın daimi tərəfdaşları sırasında Milli Olimpiya Komitəsi, ADA Universiteti, “Təmiz Şəhər” ASC və “Youth Inc” Gənclərin Sahibkarlıq Proqramı vardır.
Aksiya “Topla, təmizlə, fərqi gör!” şüarı altında keçiriləcək. Bütün aksiya iştirakçıları “Coca-Cola” şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin, təmizlik üçün lazımi avadanlıqla təmin olunacaqlar.
Qeyd edək ki, son 4 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 26 hektar ərazisi 6 ton məişət tullantısından təmizlənib. Dünya üzrə bu aksiyaya hesabat dövründə “Coca-Cola”nın 27 ölkədən 650 minə yaxın tərəfdaşı qoşulub ki, nəticədə ümumi uzunluğu 20 min km olan sahilyanı ərazilər tullantıdan təmizlənib.
Aksiyada iştirak etmək istəyənlər (012) 436-90-67/436-85-09 telefon nömrələrinə zəng edib, [email protected] ünvanına e-mail göndərib və ya aksiyanın “Facebook” səhifəsində (https://www.facebook.com/CCDCocaColaAz) qeydiyyatdan keçə bilər.