SİYASƏT


Bakıda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun iclası başa çatıb

A+ A

Bakı, 26 yanvar, AZƏRTAC

Yanvarın 25-26-da Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 48-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasın Kommünikesi qəbul edilib.

İclasda Azərbaycan Respublikası (Xələf Xələfovun rəhbərliyi ilə), İran İslam Respublikası (İbrahim Rəhimpurun rəhbərliyi ilə), Qazaxıstan Respublikası (Zülfiyə Amanjolovanın rəhbərliyi ilə), Rusiya Federasiyası (İqor Bratçikovun rəhbərliyi ilə) və Türkmənistanın (Murad Atacanovun rəhbərliyi ilə) nümayəndə heyətləri iştirak ediblər.

İclasa sədrlik etmiş Azərbaycanın xarici işlər nazirinin müavini X.Xələfov giriş nitqində vurğulayıb ki, Xəzəryanı ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində əsas razılaşmalar mövqelərin əhəmiyyətli dərəcədə yaxınlaşdırılması və ciddi nəticələrin əldə olunması üçün əlverişli şərait yaradıb. O qeyd edib ki, Konvensiya layihəsinin bütün təməl müddəalarının razılaşdırılmasının yekunlaşdırılması üzrə növbəti Sammitin keçirilməsi Xəzəryanı dövlətlərin gələcək qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsasın yaradılması məqsədi daşımalıdır.

İclasda Konvensiyanın suverenlik, yurisdiksiya, təhlükəsizlik, ərazi suları və balıqçılıq zonalarının müəyyənləşdirilməsi, əsas xətlərin müəyyənləşdirilməsinin metodologiyası, dənizin dibinin və yerin təkinin böluşdürülməsi, hərbi gəmilərin ərazi sularından keçməsi, həmçinin kabel və boru kəmərlərinin çəkilməsinə aid olan müddəaları müzakirə olunub və razılaşdırılıb.

Nümayəndə heyətləri aparılan danışıqların yekunlarını yüksək qiymətləndirib və görüşü yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Respublikasına minnətdarlıq ifadə ediblər.

Xüsusi işçi qrupun növbəti iclası Türkmənistanda keçiriləcək. İclasın keçirilmə tarixi diplomatik kanallarla razılaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.