MƏDƏNİYYƏT
Bakıda “Yamacın görüntüsü” adlı sərgi açılıb
Bakı, 16 iyul, Flora Şükürova, AZƏRTAC
ARTIM Layihə Məkanında iranlı rəssam Neda Zarfsazın “Yamacın görüntüsü” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə açılan sərgi Neda Zarfsazın üç aylıq rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarında işlədiyi əsərlərdən ibarət yekun sərgisidir. Sərginin konteksti yerli mühitin rəssama göstərdiyi təsirlə əlaqədardır. Təqdim edilən 10-dək sənət əsər ətrafda baş verən dəyişikliklərə rəssamın münasibətini əks etdirir. Birlikdə toplanmış həmin əsərlər mühit və ətraf mənzərənin bir növ arxivini təşkil edir. Mövcudluq mövzusunu araşdıran rəssam əsərlərində ölkəmizin müasir tikinti görüntüləri və Xəzəryanı regionunda sənayenin rolunu əks etdirir. Sərgi 2 ay davam edəcək.
Qeyd edək ki, Neda Zarfsaz 1981-ci ildə İranın Urmiya şəhərində dünyaya gəlib. O, Höteborq Universitetinin nəzdindəki Valand Təsviri İncəsənət Akademiyasını təsviri incəsənət üzrə magistr dərəcəsi ilə bitirib. 2011-ci ildə, rəssam İsveçin Höteborq şəhərində “Adlerbertska Hospitiestiftelsen” mükafatına, 2013-cü ildə isə Londondakı “Gasworks” qalereyasında art-rezidensiya proqramında iştirak etmək üçün MOP (Magic of Persia) Fondu tərəfindən mükafata layiq görülüb. Onun “Xırda daşlarsız böyük daşlar” əsəri Əbu-Dabi İncəsənət yarmarkası üçün seçilib. Rəssam çoxsaylı fərdi və qrup sərgilərinin iştirakçısıdır.