MƏDƏNİYYƏT


Bakıda Yaradıcı Qadınlar Assosiasiyasının üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi açılıb

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Yaradıcı Qadınlar Assosiasiyasının üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Yaradıcı Qadınlar Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Rəssamlar İttifaqından AZƏRTAC-a bildirilib ki, sərgidə assosiasiyanın 60-dək fırça ustasının 150-dən çox sənət əsəri nümayiş olunub.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Xalq Rəssamı assosiasiyanın 17-cı ildönümü münasibətilə təşkil olunan sərgini təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirilib ki, sərgiyə təqdim edilən sənət əsərlərində incəsənətin bütün janrlarını görmək mümkündür. Əsərlərdə qrafika, keramika, xalçaçılıq, batik, milli kuklalar, təsviri sənət, heykəltəraşlıq və digər janrlar olduqca mükəmməl təəssürat yaradır. Habelə, ekspozisiyada yer alan əsərlərin təbiət, mənzərə, güllər, ilin fəsilləri, vətənpərvərlik, duyğusallıq və fəlsəfi mövzularda olması sərgiyə əlavə ovqat qatır.

Yaradıcı Qadınlar Assosiasiyasının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Afaq Hüseynova qeyd edib ki, sərgidə rəngkarlıq, yağlı boya, akvarel və dekorativ tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlər və heykəltəraşlıq sənətinə aid olan əsərlər nümayiş olunur. Bununla yanaşı, Afaq Hüseynova əlavə edib ki, sərgidəki rəsmlərdə qadın gözəlliyi və xoşbəxtliyi, gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlığın ifadə olunduğu məqamlar da öz əksini tapıb.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.