İDMAN
Bakıda “Yelkənli yay məktəbi-2016”nın bağlanışı olub VİDEO
Bakı, 10 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Azərbaycan Yelkənli İdman Federasiyası (AYİF) tərəfindən təşkil olunmuş “Yay məktəbi-2016”nın bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Federasiyanın rəhbərliyi, beynəlxalq dərəcəli mütəxəssislər, idmançılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AYİF-in prezidenti Qüdrət Qurbanov çıxışında ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, federasiyanın yaranmasından və inkişaf tarixindən danışıb. Bildirib ki, Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanın uğurları və idmançıların sayına görə ən çox medal qazanan ölkələr arasında birinci yeri tutması idmana göstərilən diqqət və qayğının parlaq göstəricisidir.
Federasiyasının prezidenti diqqətə çatdırıb ki, yelkənli idman növü Azərbaycanda əvvəllər geniş yayılsa da, sonra diqqətdən kənarda qalıb. Hazırda dövlətimizin başçısının idmana göstərdiyi diqqət və qayğı nəticəsində idmanın bu növü yenidən inkişaf etməyə başlayıb. Yelkənli idmanın kütləviləşməsi və yayılması məqsədilə ötən ildən başlayaraq Bakıda “Yay məktəbi” təşkil olunur.
Sonra AYİF-in xətti ilə Azərbaycanda fəaliyyətə başlayan beynəlxalq mütəxəssislər – Burcu Alqon Corcanni, Seyhun Yıldız və Tuğçe Subaşı gələcəkdə iştirak edəcəkləri beynəlxalq yarışlar barədə ətraflı məlumat veriblər.
Tədbirdə “Yay məktəbi”nin iştirakçılarına, həmçinin ölkəmizdə ilk dəfə təşkil olunmuş yelkənin “Optimist” sinfi üzrə Federasiya Kuboku yarışlarının qaliblərinə medal, kubok və müvafiq mükafatlar verilib.
Daha sonra ölkəmizdə yelkənli idmanın geniş təbliği və idmanın bu növünə marağın artırılması məqsədilə “Media müsabiqəsi-2016” haqqında təqdimat olub. Təqdimatda ölkəmizdə sağlam həyat tərzinin təşviqi və cəmiyyətdə idmana marağın daha da artırılmasında KİV-in rolundan və əhəmiyyətindən bəhs olunub. Eləcə də bu prosesdə iştirak edən mətbuat nümayəndələrinə və tərəfdaşlara mükafatlar təqdim edilib.
Mükafat alanlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşı da var.