İQTİSADİYYAT
Bakıda Yunanıstan və Azərbaycanın turizm imkanlarına həsr olunmuş tədbir keçirilib
Bakı, 18 fevral, AZƏRTAC
Bakıda “Turizm Yunanıstan və Azərbaycan arasında körpü rolunu oynayır” adlı təqdimat mərasimi keçirilib.
Tədbir Yunanıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yunan turizm şirkəti “Panhellas”, İtaliyanın Bakıdakı Mədəniyyət Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
BAMF-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ümumilikdə 20-yə yaxın turizm şirkətinin nümayəndəsi iştirak edib.
Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd Yunanıstanın turizm potensialını nümayiş etdirmək, həmçinin diplomatiya və iqtisadiyyat sahələrində yaxşı münasibətləri olan iki ölkənin bu sahədə mövcud imkanlarının təşviq edilməsidir.
Diplomat Yunanıstanın turizm imkanları barəsində də geniş məlumat verib.
İtaliya-Azərbaycan Assosiasiyasının sədri, İtaliyanın Bakıdakı Mədəniyyət Mərkəzinin rəhbəri xanım Paola Kasaqrande Yunanıstana maraqlı turizm səfər təklifləri barədə danışıb. O həmçinin bildirib ki, bu il tur operatorlar və turizm agentlikləri habelə turizm sənayesinə cəlb olunmuş təşkilatlar, media və nəşriyyat evləri, turizm universitet və institutlarının iştirakı ilə Yunanıstana infotur təşkil olunacaq.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev də tədbirin əhəmiyyəti haqqında fikirlərini bölüşüb və belə təqdimatların hər iki ölkənin əlaqələrinin inkişafına ciddi təkan verəcəyini bəyan edib.
Qeyd edək ki, tədbirin media tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondu və Avrasiya Media Şəbəkəsinin təsisçisi olduğu Eurasia Diary analitik informasiya portalıdır.