İQTİSADİYYAT
Bakıda Yusif Səfərov küçəsinə paralel salınan yeni yolda tikinti işləri yekunlaşır VİDEO
Bakı, 3 aprel, AZƏRTAC
Bakıda uzunluğu 1,1 kilometr olan və Yusif Səfərov küçəsinə paralel salınan yeni yolda tikinti işləri yekunlaşır. Hazırda sözügedən yolun asfaltlanması işləri başa çatmaq üzrədir.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Layihəyə uyğun olaraq, torpaq və yol yatağının hazırlanması işləri yekunlaşıb, yol boyu maneələr sökülüb, kommunikasiya xətlərinin köçürülməsi işləri tamamlanıb.
Yolun ümumi eni 12 metr olmaqla 2 hərəkət zolaqlıdır. Bura 9 metr enində hərəkət hissəsi və yol boyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə hər iki istiqamət üzrə 1,5 metr enində səkilər daxildir.
Asfaltlanma işlərinə paralel olaraq, hazırda ərazidə piyada səkiləri inşa edilir. Bundan sonra yolun işıqlandırılması üçün işıq dirəklərinin quraşdırılmasına başlanılacaq. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanması işləri aparılacaq.
Qeyd olunub ki, avtonəqliyyat vasitələri sözügedən yol hazır olduqdan sonra birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyeva küçəsinə oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edə biləcəklər. Bu isə öz növbəsində Yusif Səfərov küçəsində hərəkət intensivliyini xeyli azaltmış olacaq.