MƏDƏNİYYƏT


Bakıda “Zima” uşaq musiqi festivalı keçiriləcək

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Sentyabrın əvvəlində start verilən “Zima” adlı uşaq musiqi festivalına ərizələrin qəbulu başa çatıb. Mədəniyyət tədbirləri sırasında ən parlaq hadisəyə çevriləcək “Zima” adlı uşaq musiqi festivalının potensial iştirakçılarının canlı dinləmələr mərhələsinə start verilib. Oktyabrın 17-dən etibarən isə uşaqların festivala hərtərəfli hazırlığına başlanılacaq. Möhtəşəm festivala Heydər Əliyev Sarayında yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə mətbuat konfransında festivalın musiqi məsləhətçisi, bəstəkar İsa Məlikov deyib. “Zima” uşaq musiqi festivalının quruluşçu rejissoru Ülviyyə Könül isə bildirib ki, hazırlıq zamanı musiqi qrupu ilə məşqlər, repertuarın seçimi, vokal və xoreoqrafiya üzrə müəllimlərlə dərslərin keçirilməsi planlaşdırılır. Vurğulanıb ki, finalda 6-16 yaş arası istedadlı festival iştirakçıları rəngarəng şou proqramla çıxış edəcək. Şounun sonunda uşaqlar festivalın himnini ifa edəcəklər. Festivalın musiqi prodüseri Rüstəm Rzayevin sözlərinə görə, “Zima” festivalı istedadlı və yaradıcı uşaqların öz güclərini sınamaqdan əlavə, peşəkarların əhatəsində qısa zamanda böyük təcrübə toplamaq üçün əla fürsətdir.

Qeyd olunub ki, “Beat Group” şirkəti festivalın final mərhələsini dekabrın 17-də Heydər Əliyev Sarayında keçirəcək. Finalda hər iştirakçı festivalın diplomuna layiq görüləcək. Gələcəkdə “Zima” adlı uşaq musiqi festivalının müsabiqə formatına çevrilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.