ELM VƏ TƏHSİL
Bakıda “Formativ və summativ qiymətləndirmə” mövzusunda seminar işə başlayıb VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
İyunun 29-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Avropa Şurasının “TAİEX” proqramı çərçivəsində “Formativ və summativ qiymətləndirmə” mövzusunda seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, İngiltərədən və Finlandiyadan olan təhsil ekspertləri, paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri iştirak edirlər.
Tədbir barədə məlumat verən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva diqqətə çatdırıb ki, ikigünlük seminarın məqsədi təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdir. Seminar məktəbdaxili qiymətləndirmənin vacib komponentləri olan summativ və formativ qiymətləndirməyə həsr edilib. O deyib: “Qiymətləndirmə yalnız təhsil sisteminin deyil, hər bir şagird, valideyn və bütün cəmiyyətin maraqlarını özündə əks etdirir. Qiymətləndirmə nəticəsində təhsilin keyfiyyətini ölçmək imkanı əldə edilir. 2008-ci ildən ölkədə tətbiq edilən kurikulum islahatlarının əsas istiqamətlərindən biri də yeni qiymətləndirməyə keçid olub. Təhlillər göstərir ki, bu istiqamətdə bir çox nəzəri materiallar, konsepsiyalar olsa da, qiymətləndirmə təhsildə ən problemli sahələrdən biri kimi qalır. Son illər qiymətləndirmənin mahiyyəti ilə bağlı təhlillər aparılıb. Növbəti tədris ilində bu mövzunun keyfiyyət baxımından təhlillərinə daha geniş yer ayıracağıq. Müəllimlərin bu istiqamətdə yerli və beynəlxalq təcrübədən faydalanmalarının böyük əhəmiyyəti var”.
Beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair tədbirlərin əhəmiyyətindən danışan M.Vəliyeva təhsilin inkişafı üçün təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev və beynəlxalq təhsil ekspertləri qiymətləndirmə ilə bağlı fikirlərini bölüşüb, birgə müzakirələrin aparılmasının önəmindən danışıblar.
Tədbir zamanı müəllimlər ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bilik və bacarıqlarının müvafiq standartlara uyğun qiymətləndirilməsi barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.
Sonra qonaqlar BŞTİ ilə əməkdaşlıqdan məmnunluqlarını bildirib, təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
Seminarda iştirakçılar qiymətləndirmə sahəsi üzrə rubriklərin hazırlanması, “Item Response Theory” və “Rasch” modelləri barədə ətraflı məlumat əldə edib, eləcə də müvafiq sahə üzrə beynəlxalq təcrübə ilə bağlı müzakirələr aparıblar.
Tədbir iyunun 30-da başa çatacaq.