MƏDƏNİYYƏT
Bakıda "Fourplay" kvartetinin konserti keçiriləcək
Bakı, 4 oktyabr, AZƏRTAC
Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 27-də Heydər Əliyev Sarayında bu il 25 yaşını qeyd edən, caz tarixində ən parlaq qruplardan biri hesab olunan Amerikanın "Fourplay" kvartetinin konserti keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival oktyabrın 25–dən noyabrın 3-dək paytaxtımızda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən reallaşacaq.
Qrupun hər bir nümayəndəsi əsl caz korifeyidir. "Fourplay" kvartetinin ilk albomu (1991) bir milyon tirajla satılıb və uzun müddət Billboard milli hit paradının ilk pillələrində yer alıb. Kvartetin növbəti albomları dəfələrlə "Grammy" mükafatını almaq üçün irəli sürülüb və “Qızıl disk” adı qazanıb. Musiqi aləminə verdiyi töhfəyə görə "Fourplay" ABŞ konqresi tərəfindən tanınan yeganə qrupdur.