CƏMİYYƏT
Bakıda arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Bakıda "Amay" ticarət mərkəzində arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov yarmarkaya gələrək burada yaradılan şəraitlə tanış olub. Nazir müavini bal istehsalçıları və alıcılarla söhbət edib, balın keyfiyyəti və qiyməti ilə maraqlanıb.
Seyfəddin Talıbov jurnalistlərə müsahibəsində bildirib ki, hər il keçirilən yarmarka artıq ənənəyə çevrilib. Bu il əvvəlki illərə nisbətən yarmarkaya çıxarılan balın həcmində və arıçıların sayında kifayət qədər azalma müşahidə olunub. Yarmarkada Bakı şəhəri də daxil olmaqla, 8 iqtisadi rayondan 254 arıçı iştirak edir. Ötən il yarmarkaya 250 tona yaxın bal çıxarılmışdısa, bu il 71 ton 700 kiloqram bal çıxarılıb.
Nazir müavini qeyd edib ki, yarmarkada Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi nəzarət tədbirləri həyata keçirilir: “İlkin olaraq zona, sonra isə respublika baytarlıq laboratoriyalarında yoxlama tədbirləri aparılır. Bu yoxlama nəticəsində 53 arıçı və 23,5 ton bal yarmarkadan kənarlaşdırılıb. Kənarlaşdırılan arıçıların siyahısı hazırlanacaq və ictimaiyyətə təqdim ediləcək. Builki yarmarkada süzülmüş balla yanaşı, müxtəlif arıçılıq məhsulları da satılır”.
Qeyd edək ki, sərgi-satış yarmarkası bir ay davam edəcək.