MƏDƏNİYYƏT
Bakıda arxitektorların görüşü olub
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan İncəsənət Konsulluğu (Arts Council Azerbaijan) tez-tez xarici qonaqlar dəvət edir. Budəfəki qonaq Ukrayna İncəsənət Konsulluğu rəhbərinin müavini Tatyana Melniçuk olub. Bu barədə AZƏRTAC-a Konsulluğun media-münasibətlər şöbəsinin müdiri Nurziyə Xəlilova məlumat verib. O bildirib ki, paytaxtımızla tanış olan qonağa Azərbaycanın mədəni özünəməxsusluğu və milli ənənələri barədə ətraflı məlumat verilib.
N.Xəlilova deyib: “Tatyana Melniçuk dizaynerdir. Məhz buna görə onun Bakı ilə tanışlığı ətraflı xarakter daşıyıb. Mən də arxitektoram. Buna görə də “Art Villa”da arxitektorların dostluq görüşünü təşkil etmək qərarına gəldik”.
T. Melniçuk görüşdən razı qaldığını bildirib.
Azərbaycan İncəsənət Konsulluğunun rəhbəri Dadaş Məmmədov vurğulayıb ki, bu tədbir incəsənət konsulluqları şəbəkəsinin genişləndirilməsi, müxtəlif ölkələrlə dostluq münasibətlərinin mədəni mübadilə yolu ilə möhkəmləndirilməsi yolunda əhəmiyyətli addımdır. O bildirib ki, gələcəkdə arxitektura və dizayn ilə bağlı bir sıra proqramlar həyata keçirmək planlaşdırılır.
Azərbaycan İncəsənət Konsulluğu görüşdə iştirak etdiyinə görə arxitektor Səttar Kərimliyə təşəkkürünü bildirir.