CƏMİYYƏT


Bakıda beynəlxalq tibb konqresi keçirilir

Bakı, 21 aprel, AZƏRTAC

Paytaxtın “Monolit Plaza” otelində 3-cü Beynəlxalq Azərbaycan-Alman-Türk Tibb Konqresi keçirilir. Konqresdən əvvəl tələbə, rezident və həkimlər üçün laparoskopik cərrahiyyə, ümumi və damar cərrahiyyəsi, ultrasoqonoqrafiya, endoskopiya, endoskopiya, ginekologiya və kardiopulmonar reanimasiyaya aid mini-kurslar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konqresdə Almaniya, İsveçrə və Türkiyədən 15-ə yaxın professor və ekspert, eləcə də müxtəlif ölkələrdən gələn çoxlu nümayəndə iştirak edir. Konqresi açıq elan edən Elmi Cərrahiyyə Mərkəzinin elmi katibi, tibb üzrə fəlsəfə doktoru Qurbanxan Müslümov Azərbaycan və alman həkimlərinin tibbi əməkdaşlığının 2004-cü ildən başlanıldığı və onun ildən–ilə daha da genişləndiyi, bu gün 200-dən artıq azərbaycanlı həkimin Almaniyanın tibbi müəssisələrində calışdığı barədə məlumat verib. O, öz çıxışında konqresin bundan sonra da davamlı şəkildə hər il Bakıda keçiriləcəyini söyləyərək qeyd edib ki, cərrahiyyə, qastroenterologiya, radiologiya, onkologiya və ginekologiyanın aktual məsələlərinə həsr olunan konqres davamlı tibb təhsili verən beynəlxalq tədbir kimi tanınıb və bu il 24 CME kredit balı ilə qiymətləndirilib.

Sonra Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab, Türkiyənin ölkəmizdəki səfirinin müavini Makbule Koçak, Azərbaycan– Alman-Türk Beynəlxalq Konqresinin prezidenti, professor Frank Villek, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, konqresin təşkilatçılarından olan Almaniyadan gələn həkim Dəniz Uyak və başqaları çıxış edərək konqresin əhəmiyyətindən danışıblar.

Beynəlxalq konqresdə tibbin ən aktual problemlərinə həsr olunan məruzələr dinləniləcək, ağır kliniki halların müzakirəsi təşkil ediləcək, azərbaycanlı mütəxəssislərin Avropadan və Türkiyədən gələn yüksək ixtisaslı mütəxəssislərlə canlı bilik və təcrübə mübadiləsi aparılacaq.

3-cü Beynəlxalq Azərbaycan-Alman-Türk Konqresi çərçivəsində bu il ilk dəfə olaraq 1-ci Bakı Beynəlxalq Tibbi Treninq Günləri də keçiriləcək. Altı bölmədə Avropada tanınmış Davos Tibb Kurslarının proqramı əsasında keçirilən treninqlər həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikalardan istifadə edilməklə ən müasir mulyaj və modellər üzərində aparılacaq.

Treninqlər başa çatandan sonra iştirakçılara sertifikatlar veriləcək.

Konqres aprelin 24-də öz işinə yekun vuracaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.