İQTİSADİYYAT
Bakıda bir neçə marşrut avtobuslarının xəttində dəyişikliklər edilib
Bakı, 6 may, Gülnar Bəşirova, AZƏRTAC
Bakıda sərnişindaşıma sahəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində bir neçə marşrut avtobuslarının xəttində dəyişikliklər olub.
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AZƏRTAC-a bildirib ki, 20, 188, 53 nömrəli marşrut avtobuslarının xətləri ləğv olunub. Təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, 14 saylı marşrut xətti 24 saylı marşrut xətti ilə, 90 saylı marşrut xətti 83 saylı marşrut xətti ilə, 86 nömrəli marşrut xətti isə 29 saylı marşrut xətti ilə əvəzlənib. Bundan başqa, 124 saylı marşrutun hərəkət sxemi isə “20-ci sahə” adlanan əraziyə qədər uzadılıb. 2 və 193 saylı marşrut xətti şəhərin mərkəzindən çıxarılıb. 70 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. 95 saylı marşrut xətti “Xətai” metro stansiyasına qədər qısaldılıb. 120 saylı marşrut xəttinə yeni avtobuslar buraxılıb.
Namiq Həsənov onu da əlavə edib ki, Bakıda sərnişin avtobuslarının üstünə vurulan reklam və məlumatlandırıcı şəkillər də söküləcək. Sökülən reklamların yerinə Avropa Oyunları ilə əlaqəli reklamlar və loqo vurulacaq.