İDMAN
Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri keçirilir
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarış Ümummilli Liderin xatirəsinə həsr olunub. Üç gün davam edəcək turnirdə 76 ölkədən 449 cüdoçu (280 kişi, 169 qadın) qüvvəsini sınayacaq.
Bu yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından da önəmlidir. Ümumi mükafat fondu 154 min dollar olan yarışda hər çəki dərəcəsində qalib gələn cüdoçular qızıl medalla yanaşı, 5000 dollar pul mükafatına və 500 lisenziya xalına sahib olacaqlar. Finalçılar gümüş medal, 300 lisenziya xalı və 3000 dollar, üçüncü yeri tutan iki cüdoçu isə bürünc medal, hərəyə 200 lisenziya xalı və 1500 dollar qazanacaqlar.
“Böyük dəbilqə” Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinin təşkilatçılığı ilə ilk böyük turnir olacaq. Azərbaycanı bu turnirdə 27 kişi və 3 qadın cüdoçu təmsil edir.
Yarışın birinci günündə on idmançımız mübarizəyə qoşulur. Qadın cüdoçularımızdan Aişə Qurbanlı (48 kq) Valentina Moskat (İtaliya), Şəfəq Məmmədova (48 kq) Dilara Lokmanhekim (Türkiyə) ilə üz-üzə gələcək. Kişi idmançılarımızdan 60 kiloqram çəki dərəcəsində Orxan Səfərov Ryuju Naqayama (Yaponiya) ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində İlqar Müşkiyev Nuno Karvalyo (Portuqaliya) - Bekir Özlü (Türkiyə), Vüqar Şirinli isə Yuho Reynval (Finlandiya) Eşli Makkenzie (Böyük Britaniya) qarşılaşmalarının qalibləri ilə üz-üzə gələcək.
İdmançılarımızdan Elbrus Zamanov 1/32 final mərhələsində Artyom Arşanskiyə (İsrail) uduzaraq mübarizəni dayandırıb.
Həmçinin 66 kiloqram çəki dərəcəsində Orxan Əsgərzadə - Vaja Marqvelaşvili (Gürcüstan), Tərlan Kərimov - Aleksandr Beta (Polşa) qarşılaşmaları keçiriləcək. Bu çəki dərəcəsində Famil Məmmədzadə Kennet Van Qansbek (Belçika) - Adrian Qombos (Sloveniya) cütünün qalibi, İskəndər Talışinski isə Çia Hunq Çyen (Tayvan) - Andraz Jereb (Sloveniya) duelində uğur qazanan idmançı ilə münasibətlərə aydınlıq gətirəcəklər.
İlk görüşlər saat 10:00-da, final qarşılaşmaları isə saat 17:00-da başlayacaq. Final mərhələsindən əvvəl təntənəli açılış mərasimi təşkil olunacaq.