İDMAN
Bakıda cüdo üzrə beynəlxalq seminar keçirilir VİDEO
Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 6-da Bakıda Beynəlxalq Cüdo Federasiyasının (İJF) hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, seminara 100-dək ölkədən 400 nümayəndə qatılıb.
Seminardan əvvəl Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev ilə IJF-in prezidenti Marius Vizer arasında görüş keçirilib.
Seminarın açılışında çıxış edən R.Abdullayev cüdo üzrə belə mühüm seminarın Bakıda keçirilməsindən məmnunluğunu vurğulayıb. Diqqətə çatdırıb ki, cüdo Azərbaycanda çox populyardır. Ölkəmiz dünya reytinqində üç çəki dərəcəsi üzrə liderliyini davam etdirir. Federasiya prezidenti belə mühüm idman tədbirinin təşkilini Azərbaycana həvalə etdiyi üçün IJF-yə minnətdarlığını bildirib.
IJF prezidenti isə çıxışında seminarın əhəmiyyətindən və qaydalardakı dəyişikliklərdən danışıb.
Heydər Əliyev adına İdman Sarayında keçirilən seminar iki gün davam edəcək. Seminarda IJF-in bütün komitələrinin rəhbərləri, qitə federasiyalarının rəsmiləri, Fransa, Monqolustan, Türkiyə və bir sıra ölkələrdən federasiyaların prezidentləri iştirak edirlər.
Tədbirin məqsədi hakimlik və yarış qaydalarında olan yenilikləri iştirakçıların diqqətinə çatdırmaqdır.