İQTİSADİYYAT
Bakıda daha bir yeni yolun tikintisinə başlanılmışdır VİDEO
Bakı, 10 iyul (AZƏRTAC). Gələn il Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına müvafiq olaraq Stend Atıcılığı İdman Kompleksinə gedən avtomobil yolunun tikintisinə başlanılmışdır.
“Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AZƏRTAC-a bildirmişdir ki, başlanğıcını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yerləşən birinci səviyyəli qovşaqdan götürən birinci texniki dərəcəli 4 zolaqlı avtomobil yolunun ümumi uzunluğu 1,4 kilometr, eni isə 22 metrdir. Hazırda ərazidə torpaq işləri görülür.
Müasir işıqlandırma sistemi ilə təchiz olunacaq yoldan yaxın gələcəkdə dairəvi avtomobil yoluna iki zolaqlı birləşmənin çəkilməsi də planlaşdırılır. Beləliklə, yeni yol Stend Atıcılıq Kompleksinə gediş-gəlişi, eyni zamanda, ölkəmizin şimal və şimal-qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin “20 Yanvar” dairəsinə daxil olmadan Bakı şəhərinə girişini təmin edəcəkdir.