İQTİSADİYYAT
Bakıda daha bir yeraltı qaraj istifadəyə veriləcəkdir VIDEO
Bakı, 8 may (AZƏRTAC). Azadlıq meydanında inşa olunan yeraltı avtomobil dayanacağında son tamamlama işləri aparılır. İkimərtəbəli, 8 giriş-çıxışa malik yeraltı qaraj iki minə yaxın avtomobil üçün nəzərdə tutulmuşdur. 8 çıxışı olacaq dayanacaqda çıxışlardan ikisi avtomobillər, altısı isə piyadalar üçündür.
Avtomobil dayanacağını fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə ayrıca yarımstansiya da quraşdırılmışdır. Burada yanğınsöndürmə hovuzu və avadanlığı, avtomobil qəzalarının təmizlənməsini və havalandırmanı idarə edən qurğular ən yüksək standartlar səviyyəsində olacaqdır. Avtomobilinizin təhlükəsizliyinə də tam əmin ola bilərsiniz. Çünki yeraltı qarajda bütün proseslərə müşahidə kameraları vasitəsilə nəzarət olunacaqdır.