SİYASƏT


Bakıda dünya azərbaycanlı iş adamlarının forumu keçiriləcək

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Oktyabrın 28-də Bakıda dünya azərbaycanlı iş adamlarının forumu keçiriləcək. Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqində əksini tapmış tövsiyələrə əsasən keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev qurultaydakı nitqində xaricdə yaşayan azərbaycanlı iş adamlarına müraciət edərək, onları ölkənin kənd təsərrüfatı, sənaye, turizm, yüksək texnologiyalar sektorlarına, xüsusilə iqtisadiyyatın real sektoruna sərmayə qoymağa çağırmışdı.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, forumda xaricdə yaşayan azərbaycanlı iş adamlarının Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasına stimul verən amillər, dövlət səviyyəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində yaranmış əlverişli investisiya mühitinin yaratdığı əlavə imkanlar, ölkənin ümumi iqtisadiyyatının inkişafında xaricdə yaşayan azərbaycanlı iş adamlarının rolu ilə bağlı bir sıra məsələlər müzakirə olunacaq. Bununla yanaşı, Forumda xarici iş adamlarının və böyük şirkətlərin Azərbaycana investisiya qoymağa təşviq edilməsi ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq. Forumun gündəliyinə daxil edilmiş əsas mövzulardan biri də xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamlarının ölkəmizin milli maraqlarının qоrunması, Azərbaycan həqiqətlərinin təbliği ilə yanaşı, diaspor quruculuğu işinə daha fəal şəkildə cəlb оlunmasıdır.

Foruma xarici ölkələrdə yaşayan 300 nəfərə yaxın azərbaycanlı iş adamı və diaspor rəhbərinin, eləcə də ölkə daxilində fəaliyyət göstərən sahibkarların dəvət olunması nəzərdə tutulub.

Toplantıda Dünya Azərbaycanlı İş Adamları Birliyinin yaradılması təşəbbüsü də müzakirə ediləcək. Bununla yanaşı, tədbirə dəvət olunmuş azərbaycanlı iş adamlarının iştirakı ilə biznes-forumun, habelə dövlət və hökumət nümayəndələri ilə görüşün təşkili də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyələri əsasında hazırlanmış və Prezident Administrasiyası rəhbərinin 27 iyun 2016-cı il tarixli 95 nömrəli sərəncamı ilə təsdiq olunmuş "Dünya Azərbaycanlılarının IV Qurultayından irəli gələn vəzifələrə dair Tədbirlər Planı"nın 3-cü bəndində xaricdə yaşayan azərbaycanlı iş adamlarının ölkəmizə sərmayə qoymasının təşviqi, habelə onların diaspor quruculuğu işinə daha geniş cəlb olunması məqsədilə 2016-cı ilin son rübündə Dünya Azərbaycanlı İş Adamları Birliyinin təsis toplantısının keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.