MƏDƏNİYYƏT
Bakıda dünya brendi kimi tanınan “City Sightseeing Worldwide” turizm şirkətinin nümayəndəliyi açılmışdır VİDEO
Bakı, 2 aprel (AZƏRTAC). Bakı şəhərinin mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə dünya brendi kimi tanınan “City Sightseeing Worldwide” şirkəti ilə bağlanmış razılaşmaya əsasən, Bakı şəhərində şirkətin nümayəndəliyi yaradılmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aprelin 3-dən 5-dək paytaxtımızda keçiriləcək “AİTF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinin ilk günündə Bakı Expo Mərkəzində layihənin əsas təqdimat mərasimi keçiriləcəkdir.
“City Sightseeing Worldwide” şirkəti dünyanın ikimərtəbəli, üstüaçıq avtobuslarda ekskursiyalar təşkil edən aparıcı operatorlarından biridir. Müəssisə 1999-cu ildə İspaniyanın Sevilya şəhərində yaradılmışdır. Fəaliyyətini cəmi 4 turla başlayan “City Sightseeing Worldwide” şirkəti hazırda dünyanın 33 ölkəsinin 100-dən artıq şəhərində turistlərə və yerli əhaliyə şəhərin tarixini və mədəniyyətini əyani şəkildə göstərmək üçün audioqid vasitəsilə ekskursiyalar təşkil edir.
Şirkət 2013-cü ildə bu 1000-dən çox avtobusda 10 milyondan artıq insana ekskursiya xidməti göstərmişdir. Şəhər turu üçün əldə edilmiş bileti 24 saat ərzində “hop on - hop off” sistemi ilə istifadə etmək olar. Yəni, hər bir şəxs istənilən dayanacaqda düşüb növbəti avtobusla ekskursiyanı davam edə bilər.
Paytaxtımızda təşkil ediləcək bu şəhər turları Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Dövlət Yol Polisinin təsdiq etdikləri marşrut üzrə qış mövsümündə səhər saat 11:00-dan axşam saat 20:00-dək, yay mövsümündə isə səhər saat 11:00-dan axşam saat 22:00-dək 30 dəqiqə intervalla hərəkət edir. Marşrutun uzunluğu təxminən 15 kilometr və 1 saat 30 dəqiqə təşkil edir. Yay mövsümündə avtobusların dam hissəsi açıq vəziyyətdə, qış mövsümündə isə bağlı olacaqdır.
“Gülərüz Kobra” MAN markalı avtobuslarda ekskursiyalar xüsusi sistemlə yaradılmış avadanlıq vasitəsilə 8 dildə (Azərbaycan, rus, ingilis, ispan, alman, fransız, fars və yapon) səsləndiriləcəkdir. Bunun üçün hər bir şəxsə avtobusa daxil olduqda qulaqcıqlar paylanacaqdır. Xarici vətəndaşlar üçün biletin qiyməti 20 manat, Azərbaycan Respublikasının vətəndaşları üçün 10 manat təşkil edəcəkdir.
Biletin sahibi bileti əldə etdiyi andan etibarən 24 saat ərzində istənilən miqdarda avtobusa daxil olub turunu davam edə bilər. Jurnalistlər, otel işçiləri, 5 yaşadək uşaqlar və əlil insanlar üçün giriş pulsuz olacaqdır. Qarabağ müharibəsi veteranları, təqaüdçülər və tələbələr müvafiq vəsiqələrini təqdim etdikdə, onlar üçün biletin qiyməti 5 manat təşkil edəcəkdir.
Aprelin 4-də saat 15:00-da Azadlıq meydanının qarşısında (yolun Dənizkənarı Bulvar hissəsində) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat turu təşkil ediləcəkdir.
Əlavə məlumat almaq üçün bu ünvanlara müraciət etmək olar:
Korporativ video: http://youtu.be/I72E3_TzbpU
+99455 930 00 39